Məqalələr

Vaxtından əvvəl doğuş nədir? Niyə baş verir?

Vaxtından əvvəl doğuş nədir? Niyə baş verir?

Vaxtından əvvəl doğuş nədir?

Tipik hamiləlik təxminən 40 həftə davam edir. Vaxtından əvvəl doğuş hamiləliyin 37 həftəsindən əvvəl başlayan doğuşdur. Erkən müddətdə doğuş sancılarının başlaması hələ vaxtından əvvəl doğuş edəcəyiniz mənasına gəlmir. Ancaq vaxtından əvvəl doğuş əlamətləri meydana çıxan zaman dərhal tibbi yardım üçün müraciət etməlisiniz.

Vaxtından əvvəl doğulmuş körpələrdə ciddi patologiyaların rast gəlinmə ehtimalı daha çoxdur. Bu patologiyalardan bəziləri, məsələn, serebral iflic ömür boyu sağalmır. Öyrənmə geriliyi kimi digər problemlər uşağın həyatının irəliləyən illərində və ya yetkinlik dövründə ortaya çıxa bilər.

Erkən doğuş öz-özünə dayana bilərmi?

Bəzi hallarda, bəli. Təxminən 10 qadından 3-də erkən doğuş öz-özünə dayanır. Əgər dayanmazsa, doğumu gecikdirmək üçün müalicələr verilə bilər. Bəzi hallarda, bu müalicələr körpə doğulduğu təqdirdə ağırlaşma riskini azalda bilər.

Erkən doğuşun göstıriciləri və əlamətləri hansılardır?

Erkən doğuş sancıları uçaqlıq boynunda dəyişikliklərə səbəb olur. Dəyişikliklərə hamarlaşma (uşaqlıq boynunun qısalması) və uşaqlıq boynunun açılması daxildir. Simptomlara aşağıdakılar aiddir:

·İshalla və ya ishalsız müşahidə olunan qarında orta dərəcəli sancılar;

·Vaginal axıntının xarakterinin dəyişilməsi - sulu, qanlı və ya selikli;

·Vaginal ifrazatın miqdarının artması;

·Çanaq və ya qarının aşağı nahiyəsində təzyiq hissi;

·Daimi bel ağrısı;

·Requlyar və ya tez-tez tutan sancılar ( bəzi hallarda uşaqlığın yığılması ağrısız olur);

·Su qişasının yırtılması- dölyanı mayenin axması.

Əgər sizdə bu əlamətlərdən biri və bir neçəsi varsa, dərhal mama-ginekoloqa müraciət edin.

Vaxtından əvvəl doğuş üçün risk faktorları hansılardır?

Vaxtından əvvəl doğuş hər bir hamilə qadında heç bir patologiya olmadan da baş verə bilər. Ancaq vaxtından əvvəl doğuş riskini artıra bilən bəzi amillər var:

·Əvvəlkihamiləlikdə vaxtından əvvəl doğuş;

·Hamiləliyin erkən dövründə uşaqlıq boynunun qısalması;

·Əvvəllər olan ginekoloji patologiyalar və ya əməliyyatlar;

·Hazırkı hamiləliyin ağırlaşmaları;

·Həyat tərzi.

Hamiləliyin ağırlaşmaları:

-Çoxdöllü hamiləlik;

-Hamiləlik zamanı vaginal qanaxma;

-Hamiləlik zamanı infeksiyalar.

Həyat tərzi amilləri:

-Hamiləlikdən əvvəl aşağı çəki;

-Hamiləlik zamanı siqaret çəkmək;

-Qidalanmanın yetərsiz olması.

Hamilə qadının 17 yaşdan kiçik, 35 yaşdan böyük olması da risk amilləri içərisindədir.

Erkən doğuş diaqnozu necə qoyulur?

Erkən doğuşa, sancılar başladıqdan sonra uşaqlıq boynunda dəyişikliklər aşkar edildikdə diaqnoz qoyulur. Həkim uşaqlıq boynunda olan dəyişiklikləri aşkarlamaq üçün ginekoloji müayinə edir. Bir neçə saat ərzində bir neçə dəfə müayinə olunmağınıza ehtiyac yarana bilər. Həmçinin sancılar da ciddi şəkildə izlənilir.

Ginekoloqum hansı müayinələri təyin edəcək?

Bu zaman bir neçə müayinə üsulundan istifadə olunur:

-Hamiləlik həftəsini bilmək və ya dölünüzün ölçüsünü yoxlamaq üçün ultrasəs müayinəsi;

-Serviksin uzunluğunu ölçmək üçün transvaginal ultrasəs müayinəsi;

-Fetal fibronektin varlığını yoxlamaq üçün vaginadan yaxma götürülməsi - bu, amniotik kisənin uşaqlığın daxilinə bağlı qalmasına kömək edən yapışqan şəklində proteindir.

Əgər erkən doğuş əlamətləri varsa, bu, hər zaman vaxtından əvvəl doğuşla nəticələnir ?

Əgər erkən doğuş əlamətləriniz varsa, həkimə vaxtından əvvəl doğuş edib-etməyəcəyinizi proqnozlaşdırmaq çətindir. Monitorinq və müalicənin məqsədi vaxtından əvvəl doğuş riskini azaltmaq və sizin və dölünüzün sağlamlığını qorumaqdır.

Vaxtından əvvəl doğuş təhlükəsi zamanı hansı müalicələr təyin olunur?

Vaxtından əvvəl doğuş təhlükəsinin müalicəsi zamanı sizin və körpənizin sağlamlığı ön planda olmalıdır. Əgər doğuşun gecikməsindən döl fayda görəcəksə, dölün orqanlarının daha tez yetişməsinə kömək edən, müəyyən ağırlaşmaların riskini azaldan, doğuş müddətini qısa müddətə uzada bilən dərman müalicəsinə başlanıla bilər.

Doğuşum artıq qarşısı alına bilinməyəcək mərhələdədirsə, nə olacaq?

Vaxtından əvvəl doğuşun dayandırılması mümükün olmadıqda, doğuşa buraxılır. Əgər müraciət etdiyiniz xəstəxanada vaxtından əvvəl doğulmuş körpələrə yardım etmək üçün şərait yoxdursa, həkiminiz daha yaxşı təchizata malik olan klinikaya köçmənizi tövsiyyə edə bilər.

Dölün vaxtından əvvəl doğuşa hazırlanması üçün hansı dərmanlar verilir?

Dölün vaxtından əvvəl doğuşa hazırlanmasına kömək edən dərmanlara kortikosteroidlər, maqnezium sulfat və tokolitiklər daxildir.

Kortikosteroidlər nə edir?

Kortikosteroidlər dölün ağciyərlərinin, beyninin və həzm orqanlarının inkişafını sürətləndirməyə kömək edə bilər.

Kortikosteroidlər nə vaxt verilir?

Kortikosteroidlər, dölyanı mayenin vaxtından əvvəl axması, çoxdöllü hamiləlik, 7 gün ərzində doğuş riski olan hər hamiləliyə 24-34 həftələr arasında tövsiyə oluna bilər.

Bəzi hallarda, kortikosteroidlər hamiləliyin 36 həftə + 6 gününə qədər təklif edilir. Hamiləliyin 22-ci həftəsi kimi erkən müddətlərdə kortikosteroidlərin riskləri, faydaları və xüsusiyyətləri müzakirə edildikdən sonra təyin edilir.

 

 

Əgər 1 həftə ərzində doğum ehtimalınız varsa, kortikosteroidlərin tək kursu verilir. İlk doza vurulduqdan sonra ikinci doza ən geci 2 gün ərzində vurulmalıdır, lakin ilk 24 saatda vurulması daha faydalıdır.

Əvvəlki kursdan 14 gündən çox keçibsə və 7 gün ərzində doğuş riski varsa, kortikosteroidlərin təkrar kursu verilə bilər.

Maqnezium sulfat nə edir?

Maqnezium sulfat erkən doğuşdan əvvəl verildikdə serebral iflic və fiziki hərəkət problemləri riskini azalda bilər.

Maqnezium sulfat nə zaman təyin olunur?

Əgər hamiləliyin həftəsi 32-dən azdırsa və növbəti 24 saat ərzində doğuş riski varsa, bu dərman təyin oluna bilər. Maqnezium sulfat qızarma, istibasma, bulanıq görmə və zəiflik kimi yüngül yan təsirlərə səbəb ola bilər.

Tokolitiklər nə edir?

Tokolitiklər doğuşu gecikdirmək üçün istifadə olunan dərmanlardır. Onlardan istifadə etməklə bəzən 48 saata qədər doğuşu gecikdirmək mümkün olur. Doğuşu hətta bir neçə saat gecikdirmək kortikosteroidlər və ya maqnezium sulfat vermək üçün şərait yaradır. Bu həmçinin, hamilələri tam təchizatlı xəstəxanaya köçürmək üçün vaxt qazanmağa kömək edir.

Tokolitiklər nə zaman təyin olunur?

Tokolitiklər müalicənin faydaları risklərdən daha çox olduqda verilir. Tokolitiklər hansı hallarda təyin olunmur:

·Vaxtından əvvəl doğuş əlamətləri var, lakin serviksdə heç bir dəyişiklik yoxdursa;

·Doğuşun sizin və ya körpəniz üçün daha yaxşı olacağı düşünülürsə;

·Vaxtından əvvəl doğuş təhlükəsi aradan qalxdıqda.

 

Tokolitiklərin bəzi hallarda ciddi yan təsirləri ola bilər. Yan təsirlər dərmandan asılı olaraq fərqlənir.

Vaxtından əvvəl doğulmuş uşağım olsa nə olacaq?

Doğuşun qarşısını almaq mümkün olmursa və erkən doğum edirsinizsə, neonatoloqun daxil olduğu tibb işçiləri komandası körpənin qayğısına qalır.

Körpənin ehtiyacı olan qulluq, körpənin nə qədər tez doğulmasından asılıdır. Neonatal reanimasiya şöbəsi vaxtından əvvəl doğulmuş körpələrə xüsusi qayğı göstərir. Bəzi körpələr həftələrlə, hətta aylarla reanimasiyada qalmalıdırlar.

Vaxtından əvvəl doğuş növbəti hamiləliklərdə də təkrarlana bilərmi?

Erkən doğuş üçün əhəmiyyətli olan risk faktorlarından biri də əvvəlki hamiləliyin vaxtından əvvəl doğuşla nəticələnməsidir. Vaxtından əvvəl doğmuş qadınların növbəti hamiləliklərdə vaxtından əvvəl doğuş etmə ehtimalı 2-3 dəfə çoxdur. Hər erkən doğuşla bu risk artır.

Erkən doğuşun qarşısını almağa kömək edən müalicələr varmı?

Əgər vaxtından əvvəl doğuş riskiniz varsa, bunun qarşısını almağa kömək edə biləcək müalicələr haqqında ginekoloqunuzla məsləhətləşməlisiniz. Müalicələrə aşağıdakılar daxil ola bilər:

Vaginal progesteron - Bu müalicə hamiləliyin 24 həftəsindən əvvəl ultrasəs müayinəsi ilə uşaqlıq boynunun qısalması diaqnozu qoyulan zaman təyin edilə bilər. Vaginal progesteron, doğuş daha tez baş vermədiyi təqdirdə, 37 həftəyə qədər hər gün uşaqlıq yoluna daxil edilməli olan gel və ya şam formasında olur.

Serklaj - Əgər serviksiniz qısadırsa və əvvəllər vaxtından əvvəl doğuşunuz olubsa, serklaj adlanan prosedur da edilə bilər. Serklajda uşaqlıq boynu bir və ya bir neçə tikişlə bağlanır.

Erkən doğuşun qarşısını almaq üçün artıq hormon iynələrinin vurulması tövsiyə edilmir. Bunun səbəbi, tədqiqatların iynələrin onlardan istifadə edən hər kəs üçün təsirli olmaya biləcəyini göstərməsidir.

Əgər vaxtından əvvəl doğuş riski varsa, yataq rejimi lazımdırmı?

Bu bəradə mama- ginekoloqunuzla məsləhətləşməlisiniz. Yataq rejiminin qan laxtalanması, sümüklərin zəifləməsi və əzələ gücünün itirilməsi risklərinin olduğunu nəzərə almaq lazımdır.


Konsultasiyaya yazılın


Əgər hər hansı bir mövzu ilə əlaqəli mənimlə saxlamaq istəyirsinizsə aşağıdakı vasitələrdən istifadə edərək mənə yaza bilərsiniz:


Dr. Ginekoloq Leyla Məmmədli

WhatsApp: +994 55 585 03 23

Instagram: @ginekoloq_leyla.mammadli

Ünvan: Tədris Cərrahiyyə klinikası


İstənilən sorğu və ya görüş təyin etmək üçün mənimlə əlaqə saxlaya bilərsiniz.



  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Кликните на изображение чтобы обновить код, если он неразборчив