Məqalələr

İnsan Papillomavirusu (Hpv): Genital Ziyillər, Uşaqlıq Boynu Xərçəngi, Hpv Peyvəndi

İnsan Papillomavirusu (Hpv): Genital Ziyillər, Uşaqlıq Boynu Xərçəngi, Hpv Peyvəndi

HPV nədir?

İnsan papillomavirusu (HPV) bir virus növüdür. Bütün viruslar kimi, HPV də hüceyrələrə daxil olaraq infeksiyaya səbəb olur. Hüceyrəyə daxil olduqdan sonra HPV hüceyrənin daxili mexanizmlərinə nəzarət edir və ondan yeni virusların əmələ gəlməsi üçün istifadə edir. Yeni əmələ gələn viruslar daha sonra yaxınlıqdakı digər hüceyrələrə daxil olur. HPV infeksiyası ləng gedişə malikdir. Əksər insanlarda immun sistem xəstəliyə səbəb olmamışdan əvvəl orqanizmi HPV-dən təmizləyir.

HPV infeksiyaları genital ziyillərə səbəb ola bilər. HPV-nin bəzi növləri hüceyrələrdə dəyişikliklər yaradır ki, bu da zamanla uşaqlıq boynu xərçənginə çevrilə bilər.

HPV nə qədər geniş yayılmışdır?

HPV infeksiyası dünyada ən çox yayılmış cinsi yolla ötürülən infeksiyadır. Cinsi həyatı olan insanların əksəriyyəti HPV infeksiyası üçün risk altındadır.

Genital HPV insandan insana necə keçir?

HPV –nin tipik olaraq cinsiyyət orqanlarını yoluxduran təxminən 40 növü var. Bu HPV növləri, adətən vaginal, anal və ya oral cinsi əlaqə zamanı dəridən dəriyə təmas yolu ilə yayılır. Lakin cinsi əlaqədə olmadan belə, genital HPV infeksiyasına yoluxma hallarına rast gəlinir.

HPV infeksiyasının əlamətləri nələrdir?

HPV infeksiyası çox vaxt heç bir əlamət vermir. HPV infeksiyası olan insanlar adətən bu virusa yoluxduqlarından xəbərdar olmurlar. Bu, HPV-nin asanlıqla yayılmasının səbəblərindən biridir.

Genital ziyillər ( kondilomalar) nədir?

Genital ziyillər, qadınlarda vaginanın daxilində, kişilərdə penisdə müşahidə olunur. İnfeksiyanın yaxınlıqdakı dəriyə də yayılması və anus ətrafında, vulvada və ya uşaqlıq boynunda kondilomaların əmələ gəlməsi də mümükündür. Kondilomalar qaşınma və ağrı kimi əlamətlər verə və ya tam simptomsuz gedişə malik ola bilər.

Hansı HPV növləri genital ziyillərə səbəb olur?

Bəzi HPV növləri kondilomalara səbəb olur. Bu növlər xərçəngə çevrilmədiyi üçün "az riskli növlər” adlanır. Genital ziyillərin əksəriyyəti yalnız iki aşağı riskli HPV növündən qaynaqlanır: tip 6 və tip 11.

Genital ziyillər necə müalicə olunur?

Ziyillər dərman və ya cərrahi yolla aradan qaldırıla bilər. Müalicə həkim tərəfindən aparılmalıdır. Apteklərdə satışda olan, ziyil yandırmaq üçün istifadə olunan vasitələr kondilomalarda istifadə edilməməlidir.

HPV infeksiyası nə vaxt xərçəngə səbəb ola bilər?

İmmun sistem əksər HPV infeksiyaları ilə mübarizə aparır və adətən 2 il ərzində onları orqanizmdən təmizləyir. Ancaq bəzən HPV infeksiyaları daha uzun davam edə bilər. "Yüksək riskli” HPV növü ilə uzun müddətli infeksiya xərçəngə çevrilə bilər. Bunun baş verməsi üçün adətən illər lazımdır.

HPV infeksiyasının hansı növləri xərçəngə səbəb olur?

Uşaqlıq boynu, anus, vagina, penis, ağız və boğaz xərçəngi törədə biləcək ən azı 13 HPV növü var. HPV ilə əlaqəli xərçəng hallarının əksəriyyəti yalnız iki yüksək riskli HPV növündən- tip 16 və tip 18-dən qaynaqlanır.

Uşaqlıq boynu xərçənginin inkişafı üçün nə qədər vaxt lazımdır?

Uşaqlıq boynundakı hüceyrələrdə müəyyən dəyişikliklərin xərçəngə çevrilməsi 3-7 il çəkə bilər. Uşaqlıq boynu xərçənginin müayinəsinin məqsədi bu dəyişiklikləri hələ də asanlıqla müalicə olunarkən aşkar etməkdir.

Uşaqlıq boynu hüceyrələrində kəskin və ya orta dərəcədə dəyişikliklər varsa, onları müalicə yolu ilə aradan qaldırmaq lazımdır. HPV peyvəndi bəzi hallarda müalicəyə kömək etmək üçün vurula bilər. Yüngül dərəcədə dəyişikliklər varsa, hüceyrələrin normal vəziyyətə düşüb-düşmədiyini görmək üçün mütamadi müayinələrdən keçərək həkim nəzarəti altında qalmağınız məsləhət görülür.

HPV peyvəndi təhlükəsiz və effektivdirmi?

Bəli, HPV peyvəndi HPV ilə əlaqəli xəstəliklərdən özünüzü qorumaq üçün təhlükəsiz və təsirli bir yoldur.

HPV peyvəndi cinsi əlaqədən əvvəl vurulduqda daha effekiv olur. Peyvəndin bütün tövsiyə olunan dozaları vurulduqda HPV ilə əlaqəli genital ziyil və xərçəng riskini 99%-ə qədər azalda bilər. Bu, əldə edə biləcəyiniz ən təsirli peyvəndlərdən biridir.

Dünyada HPV peyvəndini vurduran milyonlarla insandan demək olar ki, heç birində ciddi əlavə təsirlər müşahidə olunmamışdır . Peyvəndin tərkibində canlı virus yoxdur, buna görə də HPV infeksiyasına səbəb ola bilməz.

İnsanlar HPV peyvəndini nə vaxt vurdurmalıdır?

Peyvənd, insan cinsi əlaqədə olmadan və HPV-yə məruz qalmadan əvvəl edildiyi zaman ən yaxşı nəticə verir. Lakin peyvənd cinsi əlaqədə olan insanlarda da HPV-yə yoluxma riskini azalda bilər.

Qızların və oğlanların HPV peyvəndi üçün ideal yaşı 11 və ya 12 yaşdır, lakin bunu 9 yaşından başlayaraq 26 yaşa qədər vurdurmaq olar.

26 yaşdan yuxarıyamsa və HPV peyvəndini vurdurmaq istəsəm nə etməliyəm?

26 yaşdan yuxarısınızsa, peyvənd olunmamısınızsa və yeni HPV infeksiyası riski varsa, siz həkiminizlə HPV peyvəndinə ehtiyacınızın olub-olmadığı barədə konsultasiya edə bilərsiniz. Peyvənd 45 yaşa qədər insanlar üçün təsdiq edilmişdir.

HPV peyvəndi necə vurulur?

HPV peyvəndi dozalar şəklində vurulur:

·9 yaşdan 14 yaşa qədər olanlara iki doza vurulması tövsiyə olunur. İkinci doza birincidən 6-12 ay sonra edilməlidir.

·15 yaşdan 26 yaşa qədər olanlara üç doza vurulması tövsiyə olunur. İkinci doza birincidən 1-2 ay sonra, üçüncü doza ilk dozadan 6 ay sonra edilməlidir.

Üç dozalı cədvəl, həmçinin həkim ilə konsultasiya etdikdən sonra peyvənd seriyasına başlamaq qərarına gələn 27-45 yaş arası hər kəs üçün tövsiyə olunur.

Övladım növbəti dozanı qaçırsa nə olar?

Bütün dozaları vurdurmamış uşaqların peyvənd cədvəlini yenidən başlaması lazım deyil. Aralarındakı vaxt tövsiyə olunandan uzun olsa belə, uşağınız növbəti dozanı ala bilər.

 

Tövsiyə olunan dozaların sayını tamamlamamısınızsa, bu sizin üçün də doğrudur. Qaçırdığınız hər hansı bir dozanı almaqla bağlı suallarınız varsa, həkiminizlə məsləhətləşin.

HPV peyvəndinin yan təsirləri hansılardır?

HPV peyvəndinin ən çox rast gəlinən yan təsiri iynə vurulduğu yerdə ağrı və qızartıdır. Peyvəndin ciddi yan təsirləri və ya mənfi reaksiyaları barədə məlumat verilməmişdir.

Artıq cinsi həyatım başlayıbsa, HPV peyvəndi vurdura bilərəmmi?

Bəli. Əgər cinsi həyatınız varsa, artıq HPV-nin bir və ya bir neçə növünə yoluxmuş ola bilərsiniz. Lakin peyvənd hələ də sizdə olmayan HPV növlərindən qoruya bilər.

HPV peyvəndi olunmuşamsa, hələ də uşaqlıq boynu xərçəngi müayinəsinə ehtiyacım varmı?

Bəli, hələ də müntəzəm uşaqlıq boynu xərçəngi müayinəsindən keçməlisiniz. Nə vaxt və nə qədər aralıqla müayinə olunmağınız barədə həkiminizlə məsləhətləşin.

Uşaqlıq boynu xərçənginin müayinəsi nələri əhatə edir?

Uşaqlıq boynu xərçəngi skrininqinə Pap test, HPV testi və ya hər ikisi daxildir. Hər iki test uşaqlıq boynundan götürülmüş hüceyrələrdən istifadə etməklə aparılır:

Pap test - Bu test uşaqlıq boynunun hüceyrələrində anormal dəyişiklikləri aşkar etmək üçün istifadə olunur. Test xərçəngə səbəb ola biləcək hüceyrə dəyişikliklərini göstərirsə, xərçəng inkişaf etməmişdən əvvəl müalicəyə başlamaq lazımdır.

HPV testi - Bu test, servikal hüceyrələrdə dəyişikliklər yaranmadan əvvəl də xərçəngə səbəb olan HPV növlərinin əksəriyyətini müəyyən edə bilər.

Cinsi həyatı olan bütün qadınlar 21 yaşında skrininq olunmalıdır. Müayinə olunma tezliyiniz və hansı testlərdən keçməyiniz yaşınız və sağlamlıq vəziyyətinizdən asılıdır.

HPV peyvəndi ilə yanaşı HPV infeksiyasından özümü başqa necə qoruya bilərəm?

HPV peyvəndi genital ziyillərin və xərçəngin ən ümumi səbəblərindən qorusa da, bütün HPV növlərindən qorumur. Təsadufi cinsi əlaqə zamanı prezervativdən istifadə HPV infeksiyası riskini azaltmağa kömək edə bilər.

HPV peyvəndi HPV infeksiyasından sonra müalicəyə necə kömək edə bilər?

HPV infeksiyası serviksdəki hüceyrələrdə dəyişikliklərə səbəb ola bilər. Bu dəyişikliklərə servikal intraepitelial neoplaziya (CIN) və ya servikal displaziya deyilir. CIN orta və ya ağır olduqda (CIN 2 və ya CIN 3 kimi tanınır), müalicə anormal hüceyrələrin məhv edilməsinə yönəlir. HPV peyvəndi atipik hüceyrələrin müalicədən sonra geri qayıtmasının qarşısını almağa kömək edə bilər.

CIN (servikal displaziya) müalicəsində kömək etmək üçün HPV peyvəndini kimlər vurdura bilər?

Aşağıdakılar sizə aiddirsə, CIN-in müalicəsinə kömək etmək üçün HPV peyvəndi vurdura bilərsiniz:

·Siz orta və ya ağır CIN (CIN 2 və ya CIN 3) üçün müalicə alırsınız;

·27-45 yaşınız var və əvvəllər HPV peyvəndi almamısınız;

·Sağlam immun sisteminə maliksiniz.


Konsultasiyaya yazılın


Əgər hər hansı bir mövzu ilə əlaqəli mənimlə saxlamaq istəyirsinizsə aşağıdakı vasitələrdən istifadə edərək mənə yaza bilərsiniz:


Dr. Ginekoloq Leyla Məmmədli

WhatsApp: +994 55 585 03 23

Instagram: @ginekoloq_leyla.mammadli

Ünvan: Tədris Cərrahiyyə klinikası


İstənilən sorğu və ya görüş təyin etmək üçün mənimlə əlaqə saxlaya bilərsiniz.



  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Кликните на изображение чтобы обновить код, если он неразборчив