Məqalələr

Amenoreya nədir? Aybaşının olmaması nədir? Niyə baş verir?

Amenoreya nədir?  Aybaşının olmaması nədir? Niyə baş verir?
Normal aybaşı dövrü nədir?

Menstrual tsikl, bir menstruasiya qanaxmasının ilk günündən növbəti qanaxmanın ilk gününə qədər olan dövrdür. Əksər qadınların menstrual tsikli 21 - 35 gün davam edir. Tipik menstruasiya 2- 7 gün davam edir və ilk 3 gündə daha çox qanaxma müşahidə olunur.

Anormal uşaqlıq qanaxması nədir?

Anormal uşaqlıq qanaxması, normal hesab edilən menstruasiya funksiyasından kənara çıxmalardır. Bu zaman aşağıdakı meyarlara diqqət edilməlidir:

·Qanın miqdarı;

·Aybaşının baş vermə tezliyi;

·Aybaşının davametmə müddəti.

Amenoreya nədir?

Amenoreya menstruasiyanın olmamasıdır. Amenoreyanın iki növü var:

Birincili amenoreya - qız uşağında 15 yaşına qədər ilk menstruasiyasının olmamasıdır.

İkincili amenoreya - menstruasiya olan qadının 3 ay və ya daha çox müddətə menstruasiya görməməsidir.

Hamiləlik, südvermə dövründə, cinsi inkişafa başlamazdan öncəki və menopauza dövrlərində fizioloji amenoreya olur. Amenoreya həmçinin bəzi xəstəliklər və ya dərman qəbulu zamanı da baş verə bilər.

Amenoreyanın rastgəlmə tezliyi nə qədərdir?

Hamilə olmayan, süd verməyən və ya menopauza keçirməyən hər 25 qadından 1-i həyatının bir mərhələsində amenoreya ilə üzləşir.

Birincili amenoreyaya nə səbəb olur?

Qızlarda menstruasiyanın başlamamasının bir sıra tibbi səbəbləri ola bilər. Bunlara aiddir:

 

·Terner sindromu və androgen həssaslığı kimi genetik patologiyalar;

·Beyin mənşəli (hipotalamus və ya hipofiz vəzi ilə əlaqəli);

·Uşaqlığın, vaginanın və ya qızlıq pərdəsinin inkişaf qüsurları;

·Cinsi inkişafın ləngiməsi.

İkincili amenoreyaya nə səbəb olur?

Aybaşı olan və hamilə olmayan qadınlarda menstruasiyanın kəsilməsinin səbəbi aşağıdakı hallardan biri ola bilər:

·Bədən çəkisinin az olması (normal çəkidən təxminən 10 % az);

·Sürətli çəki itirmə;

·Qidalanma pozulmaları (məsələn, anoreksiya nervoza);

·Beyin problemləri (hipotalamus və ya hipofiz vəzi ilə əlaqəli);

·Polikistik yumurtalıq sindromu (PCOS);

·Qalxanabənzər (tiroid) vəzi ilə bağlı problemlər;

·Birincili yumurtalıq çatışmazlığı (vaxtından əvvəl yumurtalıq çatışmazlığı da deyilir);

·Stress;

·Böyrək çatışmazlığı və ya iltihablı bağırsaq xəstəliyi kimi digər xroniki xəstəliklər.

Bəzi dərmanlar, məsələn, hormonal dərmanlar qəbul edərkən menstruasiya kəsilə bilər. Siqaret çəkmək də amenoreya riskini artırır.

Amenoreya zamanıhansı hallarda müayinə lazımdır?

Yeniyetmələr 15 yaşına qədər menstruasiya görməmişlərsə, ilkin amenoreyanın səbəbini müəyyən etmək üçün müayinədən keçməlidirlər. Həmçinin 13 yaşa qədər yeniyetmələrdə süd vəzilərinin inkişaf əlamətləri olmadıqda müayinəyə ehtiyac yaranır.

Yaşınızdan asılı olmayaraq, menstruasiya səbəbsiz 3 aydan çox olmursa, amenoreyanın səbəbini aydınlaşdırmaq üçün müayinə olunmalısınız. Diaqnoz və müalicə üsulları barəsində mama-ginekoloqla daha ətraflı müzakirə edə bilərsiniz.

Amenoreya olduğunu düşünsəm nə etməliyəm?

Belə halla rastlaşdıqda simptomlar haqqında ginekoloqa məlumat verməlisiniz. Amenoreya çox vaxt altda yatan xəstəliyin əlaməti olur. Müalicə edilməzsə, sümük sıxlığının azalması və osteoporoz kimi digər problemlərə də səbəb ola bilər. Həkiminiz amenoreyanın səbəbini dəqiqləşdirməli və müalicə variantlarını sizin nəzərinizə çatdırmalıdır.

Amenoreyaya necə diaqnoz qoyulur?

Ginekoloq anamnezi araşdırdıqdan sonra fiziki müayinəyə ehtiyacınız olub-olmadığına qərar verir. Bu müayinələrə ginekoloji və süd vəzisi müayinəsi aiddir. Ginekoloq aşağıdakı suallarla sizə müraciət edəcək və cavablara əsasən diaqnozu dəqiqləşdirməyə çalışacaq:

·Axırıncı aybaşı nə vaxt baş verib?

·Bundan əvvəl menstrual tsikliniz necə idi?

·Son zamanlarda hər hansı bir xəstəlik keçirmisiniz?

·Ailənizdə bu patologiyadan əziyyət çəkən olub?

·Hansı dərmanları və ya bitki mənşəli dərmanları qəbul edirsiniz?

·Qidalanma rejiminiz necədir?

·İdman vərdişləriniz hansılardır?

·Tək böyrək və ya ürək xəstəliyi kimi hər hansı patologiyanız və ya fiziki qüsurlarınız varmı?

 

Diaqnozu tapmaq üçün müəyyən analizlərə də ehtiyacınız ola bilər. Buraya hormon səviyyələrinizi yoxlamaq üçün qan analizi və ultrasəs müayinəsi daxildir. Yaşınızdan və cinsi həyatınızdan asılı olaraq, sizdən hamiləliyi istisna etmək üçün hamiləlik testi də tələb oluna bilər.

Birincili amenoreya necə müalicə olunur?

Əgər yeniyetmə cinsi yetişkənlik dövrünü normal şəkildə keçirirsə, lakin aybaşısı bir qədər gecikirsə, adətən müalicəyə ehtiyac olmur. Bu dövrdə valideynlər və ginekoloqunuz sağlamlığınıza nəzarət etməlidir. Yetişkənlik dövründə gecikməninsəbəbini aydınlaşdırmaq və müalicə üçün mütəxəssisə müraciət etməlisiniz.

 

Birincili amenoreya yumurtalıqların kifayət qədər estrogen sintez olunmamasından qaynaqlanırsa, cinsi yetişkənlik və aybaşı funksiyasının başlaması üçün hormon terapiyasından istifadə edilə bilər.

Bəzi qızlarda vaginal qanaxmanın qarşısını alan bütov qızlıq pərdəsi, vaginal septum və ya uşaqlıq yolunun olmaması kimi inkişaf qüsurları olur. Bu hallarda cərrahi müdaxiləyə ehtiyac duyula bilər.

İkincili amenore necə müalicə olunur?

İkincili amenoreyanın müalicəsi onun yaranma səbəbindən asılıdır:

·Birincili yumurtalıq çatışmazlığı - Hormon terapiyası yumurtalıqların sintez edə bilmədiyi estrogen və progesteronu əvəz edir;

·PCOS- Müalicənin əsasını çəki atılması və hormon terapiyası təşkil edir;

·Digər səbəblər - Ginekoloqunuz qidalanma pozulmaları, qalxanabənzər vəzi problemləri və ya digər tibbi problemlərin müalicəsində mütəxəssisə müraciət etməyi təklif edə bilər.

Amenoreyadan əziyyət çəkən qadınların əksəriyyəti üçün sağlam qidalanma və idmanla məşğul olmaq faydalıdır. Stressi azaltmaq da kömək edə bilər. Osteoporozun qarşısını almaq üçün kifayət qədər kalsium və D vitamini qəbul etmək vacibdir.

Hər gün minimum 600 BV D vitamini və 1000 -1300 mq kalsium qəbul edilməlidir (tövsiyə olunan gündəlik kalsium qəbulu yaşınızdan asılıdır). Süd məhsulları, balıq konservləşdirilmiş qızılbalıq və sardina, göyərtilər kalsiumla zəngin qidalar hesab olunur. D vitamini sintezini artırmaq üçün düzgün qidalanmaqla yanaşı, günəş şüaları da çox faydalıdır (həftədə bir neçə gün, azı 15 dəqiqə).


Konsultasiyaya yazılın


Əgər hər hansı bir mövzu ilə əlaqəli mənimlə saxlamaq istəyirsinizsə aşağıdakı vasitələrdən istifadə edərək mənə yaza bilərsiniz:


Dr. Ginekoloq Leyla Məmmədli

WhatsApp: +994 55 585 03 23

Instagram: @ginekoloq_leyla.mammadli

Ünvan: Tədris Cərrahiyyə klinikası


İstənilən sorğu və ya görüş təyin etmək üçün mənimlə əlaqə saxlaya bilərsiniz.



  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Кликните на изображение чтобы обновить код, если он неразборчив