Məqalələr

Spontan abortlar - düşük yaşandıqdan sonra müalicə tədbirləri

Spontan abortlar - düşük yaşandıqdan sonra müalicə tədbirləri
Spontan abortlar, hər 10 hamilə qadından 1-də rast gəlinir. Ancaq bir çox insan bundan sonra onu nə gözlədiyini bilmir.

Düşüklərin böyük əksəriyyəti hamiləliyin 13 həftəsindən - daha çox 10 həftəsindən əvvəl baş verir. Bu məqalədə, birinci trimestrdə erkən hamiləlik itkiləri zamanı görüləcək tədbirlərhaqqında məlumat verəcəyəm.

Düşüklər zamanı müalicə üsulları hansılardır?

Erkən düşüklər zamanı üç əsas müalicə üsulu tətbiq olunur. Hər üç üsulun məqsədi uşaqlıqda qalan hamiləlik toxumasını xaric etməkdir. Üsullardan ikisi qeyri-cərrahi, biri isə cərrahidir. Qeyri-cərrahi üsullara gözləmə taktikası (toxumanın öz-özünə xaric olmasını gözləmək) və dərmanlardan istifadə aiddir. Üçüncü üsul dilatasiya və küretaj adlanan cərrahi prosedurdur.

Bir çox hallarda xəstələr öz istədikləri variantı seçə bilirlər.

Düşüklərin müalicəsində gözləmə taktikası nədir?

Gözləmə taktikası zamanı orqanizmdən qalıq toxumanın öz-özünə xaric olması üçün vaxt verilir. Bəzi qadınlar bunu ən təbii üsul olduğu üçün seçirlər.

Qadınların çoxunda abort diaqnozundan sonra 2 həftə ərzində hamiləlik toxuması qalıqları xaric olur, lakin daha uzun müddət çəkə bilər. Çox uzun çəkirsə, həkiminiz prosesin başlanması üçün dərman tövsiyə edə bilər. Proses - sancı və qanaxma başladıqdan sonra toxumanın çox hissəsi bir neçə saat ərzində xaric olur. Bu mərhələdən sonra yenə də qalıq qalıbsa dilatasiya və küretaj məsləhət görülür.

Düşüklərin müalicəsində medikamentoz üsul nədir?

Medikamentoz üsul (dərman istifadəsi) daha sürətli effekt verir və nəticəni proqnozlaşdırmaq asan olur. Dərman seçimini pasiyent və həkim bir yerdə edirlər. Bu dərmanlar oral və ya vaginalistifadə edilə bilər. Adətən dərmanın qəbulundan bir neçə saat sonra sancı və qanaxma başlayır. Qadınların əksəriyyətində 48 saat ərzində qalıq toxumaları tam xaric olur və əlavə müalicəyə ehtiyac olmur. Bəzi qadınlarda isə toxumalar tam xaric olmadığı üçün cərrahi prosedura ehtiyac yarana bilər.

Bu dərmanları səhər saatlarında qəbul etmək arzuolunandır, belə halda sancı və qanaxma gecəyə qalmır. Qadınlar dərmanı qəbul edərkən yanlarında ailə üzvlərindən birinin və ya bir yaxının olması dəstək üçün vacibdir.

Gözləmə taktikası və medikamentoz üsul zamanı əlamətlər fərqlidirmi?

Qalıq toxumasının öz-özünə xaric olması və ya dərman qəbul etməyinizdən asılı olmayaraq oxşar əlamətlər müşahidə olunur. Normal aybaşıdan fərqli olaraq daha çox qanaxma və sancılarınız olacaq. Hamiləlik toxuması ağımtıl və ya boz rəngli böyük qan laxtaları şəklində görünür. Ağrını aradan qaldırmaq üçün, adətən ginekoloqlar dərmanlar təyin edirlər. Həkim-ginekoloqunuz reseptsiz ağrı kəsiciləri də təklif edə bilər.

Qalıq toxumanın çox hissəsi sancı və qanaxma başlandıqdan sonra 2-4 saat ərzində xaric olur. Sancılar adətən bir gün ərzində dayanır. Yüngül qanaxma və ya ləkələnmə 4-6 həftə davam edə bilər. Proses bitdikdən iki həftə sonra, həkiminiz bütün toxumaların xaric olduğuna əmin olmaq üçün ultrasəs müayinəsi və ya digər müayinələr edə bilər.

Düşüklərin müalicəsində cərrahi üsul hansıdır və necə aparılır?

Dilatasiya və küretaj ən proqnozlaşdırıla bilən müalicədir. Küretaj zamanı həkiminiz kiçik bir alətlə serviksdən uşaqlıq daxilinə keçərək qalıq toxumasını xaric edir. Bəzi qadınlar daha sürətli, daha dəqiq müalicə istədikləri üçün bu seçimə üstünlük verirlər. Əgər qanaxmanız çoxdursa, bu, sizin üçün ən təhlükəsiz seçimdir.

Bir çox ginekoloqlar küretajı ümumi anesteziyadan istifadə edərək əməliyyat otağında icra edirlər, yəni prosedura zamanı siz yatırsınız. Bəzi həkimlər proseduru normal bir müayinə otağında, müəyyən nahiyələrə keyləşdirici iynələr inyeksiya etməklə ağrıların qarşısını alaraq edirlər. Prosedurdan sonra zamanla qanaxma və sancılar azalır.

Əməliyyatdan sonra yüngül qanaxma və ya ləkə bir aya qədər davam edə bilər. İnfeksiyanın qarşısını almaq üçün antibiotik təyin edilir. Digər ağırlaşmalar nadirdir və əksər qadınların hər hansı bir təqibə ehtiyacı yoxdur.

Düşüklər zamanı hansı ağırlaşmalar ola bilər?

Hansı variantı seçmənizdən asılı olmayaraq, çox güclü qanaxma, qızdırma və ya narahatlıq hiss edirsinizsə, həkiminizə zəng edin. Təhlükəli qanaxma və infeksiya riski bütün müalicələrdə var, lakin bu ağırlaşmalar nadir rast gəlinir. Bu simptomlardan hər hansı biri sizdə olarsa dərhal ginekoloqunuza müraciət edin:

·Qanaxma zamanı 2 saat ərzində iki və ya daha artıq böyük bez istifadə etmisinizsə (bu təhlükəlidir və təcili yardım tələb edir);

·37,8 °C-dən yüksək temperaturunuz varsa;

·Üşütmə, şiddətli ağrı və ya sizi narahat edən hər hansı digər əlamətlər varsa.

Bərpa müddəti nə qədər çəkir?

Fiziki bərpa adətən tez olur. Qadınların əksəriyyəti qalıq toxuması xaric olduqdan və küretaj olunduqdan bir və ya iki gün sonra gündəlik həyat fəaliyyətlərini davam etdirirlər. Bəzi qadınlarda ürəkbulanma və digər hamiləlik simptomları hamiləliyin pozulması diaqnozu qoyulmazdan əvvəl dayanır. Digərlərində isə, bu əlamətlər qalıq toxuması xaric olduqdan bir neçə gün sonra yoxa çıxır.

İnfeksiya riskini azaltmaq üçün bir həftə ərzində gigiyenik qaydalara əməl etmək, o cümlədən vaginal düş (bu heç vaxt yaxşı fikir deyil), vaginal cinsi əlaqə, tamponlar və s. istifadə etməyin. Əksər qadınlarda ilk ayabaşı qanaxma bitdikdən təxminən 2 həftə, küretaj əməliyyatından təxminən 2-3 ay sonra baş verir.

Emosional reaksiyalar normaldırmı?

Spontan abortlar zamanı qadınlar və ya cütlük bu hadisəyə müxtəlif emosiyalarla reaksiya verə bilər. Bəzi qadınlar çox kədərlənir və ya özlərini günahkar hiss edirlər. Bir qismi isə, daha yüngül reaksiya verə bilər. Bəzilərində qarışıq emosiyalar müşahidə olunur. Bütün bu hisslər normaldır və onların öhdəsindən gəlmək üçün özünüzə vaxt verməyiniz vacibdir.

Bu hisslər barədə ailəniz, dostlarınız, ginekoloqunuz və ya psixoloqunuz ilə danışmaq kömək edə bilər. Əgər özünüzü depressiv hiss edirsinizsə və ya başınıza özünüzə zərər vermək kimi fərqli düşüncələr gəlirsə, dərhal ginekoloqunuza və ya başqa bir həkimə məlumat verin.

Düşük sizin günahınız deyil.

Qadınlar tez-tez uşaqlarının düşməsinə səbəb olduqlarından narahat olurlar. Bu, belə deyil. Fiziki iş, stress və cinsi əlaqə spontan aborta səbəb olmur. Bu,əksəriyyət halda hamiləliyin normal inkişaf etmədiyi üçün baş verir. Xüsusən, xromosom patologiyaları zamanı dölün inkişafdan qalması və düşük halları daha tez-tez rast gəlinir. Bu prosesin qarşısını almaq demək olar ki, mümkün deyil.

Spontan abortdan (düşükdən) sonra normal hamiləlik mümkündür?

Əksər qadınlar spontan abortlardan sonra hamilə qala bilir və onu başa çatdıra bilirlər. Əgər bu barədə narahatlığınız varsa, ginekoloqunuzla məsləhətləşin. Ginekoloqunuz qorxularınızı azaltmağa, istənilən suala cavab verməyə və növbəti hamiləliyinizə hazırlıq barədə məlumat almağa kömək edə bilər.


Konsultasiyaya yazılın


Əgər hər hansı bir mövzu ilə əlaqəli mənimlə saxlamaq istəyirsinizsə aşağıdakı vasitələrdən istifadə edərək mənə yaza bilərsiniz:


Dr. Ginekoloq Leyla Məmmədli

WhatsApp: +994 55 585 03 23

Instagram: @ginekoloq_leyla.mammadli

Ünvan: Tədris Cərrahiyyə klinikası


İstənilən sorğu və ya görüş təyin etmək üçün mənimlə əlaqə saxlaya bilərsiniz.



  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Кликните на изображение чтобы обновить код, если он неразборчив