Məqalələr

Hamilə qalmağı düşünənlərə məsləhətlər | Sağlam hamiləlik və hamiləlik zamanı problemlər

Hamilə qalmağı düşünənlərə məsləhətlər | Sağlam hamiləlik və hamiləlik zamanı problemlər

Hamiləlik öncəsi müayinə lazımdırmı?

Hamiləlikdən əvvəl müayinə olunmaq sağlam hamiləliyin planlaşdırılmasında ilk addımdır. Bu müayinənin məqsədi hamiləliyinizə təsir edə biləcək patologiyaları aşkarlamaqdır. Bunları müəyyən etmək xüsusi ilə hamiləliyin, döldə əsas orqanların inkişaf etdiyi ilk 8 həftəsində çox böyük əhəmiyyət kəsb edir.

Hamiləlik öncəsi müayinə zamanı nəyə diqqət yetirilməlidir?

Konsultasiya zamanıginekoloqunuzla aşağıdakılar haqqında danışacaqsınız:

·Qidalanma və həyat tərzi;

·Tibbi və ailə anamnezi;

·Qəbul etdiyiniz dərmanlar;

·Əvvəlki hamiləlikləriniz.

Ginekoloqunuz sizin yaş qrupunuz üçün tövsiyə olunan bütün peyvəndləri vurdurub- vurdurmadığınızı, həmçinin cinsi yolla ötürülən infeksiyaların risklərini nəzərdən keçirəcək və özünüzü necə qoruyacağınızı müzakirə edəcəksiniz.

Hamiləlikdən əvvəl daha sağlam olmaq üçün nə edə bilərəm?

Hamilə qalmadan əvvəlki aylar sağlamlığınızı möhkəmləndirmək üçün aşağıdakılara diqqət etməlisiniz:

·Sağlam qidalanmaq və prenatal vitamin qəbul etmək

·Daimi idmanla məşğul olmaq

·Normal çəkiyə çatmaq və bu çəkini saxlamaq

·Zərərli vərdişlərdən (tütün, alkohol, marixuana, qeyri-qanuni dərmanlar və qeyri-tibbi səbəbdən qəbul edilən reseptlə satılan dərmanlar) uzaq durmaq

·Ətraf mühitinizin təmiz olmasına diqqət etmək

Hamiləlik planladıqda bədən çəkisi əhəmiyyətlidirmi?

Hamiləlik planlaşdırırsınızsa, hamilə qalmadan əvvəl çəkinizi normaya salmağa çalışmalısınız. Kilolu olmaq və ya artıq çəki hamiləlik zamanı problemlər yarada bilər. Çəkinizin hamiləliyiniz üçün bir problem olub-olmaması barədə ginekoloqunuzla konsultasiya etməlisiniz.

Bədən çəkim nə qədər olmalıdır ?

Sağlam qalmaq üçün çəkinizi boyunuza uyğun olan səviyyədə saxlamalısınız. Bir insanın bədən çəki indeksi (BÇİ) boy və çəki əsasında hesablanan rəqəmdir və insanın çəkisinin az, normal çəkili, artıq çəkili və ya piylənməsini müəyyən etmək üçün istifadə olunur. BÇİ-nizi tapmaq üçün onlayn kalkulyatordan istifadə edə bilərsiniz. BÇİ əsasında dörd çəki kateqoriyası var:

·Az çəki - BÇİ 18,5-dən azdır;

·Normal çəki - BÇİ 18,5 ilə 24,9 arasındadır;

·Artıq çəki - BÇİ 25 ilə 29,9 arasındadır;

·Piylənmə - BÇİ 30 və ya daha çoxdur.

Artıq çəki və ya piylənmə hamiləlik zamanı hansı problemlərə səbəb ola bilər?

Hamiləlik dövründə artıq çəki bir sıra hamiləlik və doğuş ağırlaşmalarına gətirib çıxara bilər:

·Yüksək qan təzyiqi;

·Preeklampsiya;

·Vaxtından əvvəl doğuş;

·Hestasional diabet.

Hamiləlik zamanı piylənmə də bir sıra patologiyaların riskini artırır:

·Makrosomiya (iri döl);

·Doğuş travmaları;

·Kesar əməliyyatı ilə doğuş;

·Döldə qüsurlar, xüsusilə sinir borusu qüsurları.

Çəki atmaq barəsində nələrə diqqət etməliyəm?

Əgər ginekoloqunuz arıqlamağa cəhd etməyinizi təklif edərsə, unutmayın ki, hətta kiçik bir çəki itirmək ümumi sağlamlığınıza müsbət təsir edə və daha sağlam bir hamiləliyə zəmin yarada bilər. Arıqlamağın ən yaxşı yolu pəhrizinizdə dəyişiklik etmək və fiziki cəhətdən daha aktiv olmaqdır. Gündəlik kalorilərinizi azaltmaq yaxşı bir başlanğıc ola bilər. Kaloriləri azaltmağın asan yollarından biri də qazlı, şəkərli içkilərdən uzaq durmaqdır. Yediyiniz qidanın miqdarına da diqqət yetirin. Porsiyaya nəzarət əsasdır.

Nə qədər məşq etməliyəm?

Həftədə 2 gün və ya daha çox əzələ gücləndirici fəaliyyətlərlə yanaşı, hər həftə 150 ​​dəqiqə orta fiziki fəaliyyətlə məşğul olmağa çalışın. Tövsiyə olunan dəqiqə sayını həftə ərzində daha qısa məşq seanslarına ayıra bilərsiniz. Məsələn, həftədə 5 gün 30 dəqiqəlik məşq edə bilərsiniz. Sizin üçün ən uyğun rejimi özünüz daha yaxşı qura bilərsiniz.

Çəkinin az olması hamiləlikdə problem yarada bilərmi?

Bəli, az çəkili analar çox vaxt aşağı çəkili uşaq dünyaya gətirirlər. Aşağı çəki ilə doğulan körpələrin doğuş zamanı və doğuşdan sonra bir sıra problemlərlə qarşılaşma riski daha çoxdur. Çəkinin az olması, həmçinin vaxtından əvvəl doğuş riskini də artırır.

Kilo almağın sağlam yolu varmı?

Əgər həkiminiz sizə kökəlməyə çalışmağı təklif edirsə, hər gün gündəlik fəaliyyət və məşq zamanı yandırdığınızdan daha çox kalori qəbul etməklə başlayın. Hər gün sağlam, yüksək kalorili qəlyanaltılar yeyin. Aşağıdakılar sizin üçün yaxşı seçim ola bilər:

·Qoz-fındıq;

·Meyvə suları;

·Proteinlə zəngin qidalar;

·Süd məhsulları.

 

Vitamin qəbul etməyə başlamalıyam?

Bəli, hamiləlikdən əvvəl gündəlik prenatal vitamin qəbul etməli və hamilə qaldıqdan sonra qəbul etməyə davam etməlisiniz. Prenatal vitaminlər, fol turşusu və dəmir də daxil olmaqla, hamiləlikdən əvvəl və hamiləlik dövründə ehtiyac duyacağınız bütün tövsiyə olunan gündəlik vitamin və mineralları ehtiva edir. Prenatal vitaminlər, hamilə qalmadan əvvəl qəbul etməyə başlasanız, ürəkbulanma və qusmanı azaltmağa kömək edə bilər.

Qəbul etdiyim fol turşusunun dozası nə qədər olmalıdır?

Hamiləlikdən ən azı 1 ay əvvəl və hamiləliyin ilk 12 həftəsində hər gün ən azı 400 mikroqram fol turşusu qəbul etməlisiniz. Bəzi qadınlar, məsələn, əvvəlki hamiləliklərdə sinir borusu defekti olan uşağı olanlar, hamiləlikdən ən azı 3 ay əvvəl və ilk 3 ayda hər gün profilaktik dozadan 10 dəfə çox, yəni 4 milliqram (mq) fol turşusu qəbul etməlidirlər. Lakin bu dozanı ginekoloqla məsləhətləşməmiş qəbul etməməlisiniz.

Hamiləlik dövründə dəmir niyə vacibdir?

Hamiləlik zamanı dövr edən qanın miqdarı artır. Dəmir ananın və dölün hamiləlik zamanı ehtiyac duyduğu əlavə qanı hazırlamaq üçün orqanizm tərəfindən istifadə olunur. Hamilə olmayan qadınların dəmirə olan gündəlik təlabatı 18 mq, hamilə qadınların isə, 27 mq və daha çox olur.

Kifayət qədər dəmir qəbul etdiyimə necə əmin ola bilərəm?

Dəmir tərkibli prenatal vitaminlər qəbul etməklə yanaşı, mal əti, qaraciyər, hinduşka, lobya, mərcimək, vitaminlə zənginləşdirilmiş səhər yeməyi taxılları, krevetka kimi dəmirlə zəngin qidalar yeməlisiniz. Həmçinin portağal suyu, qreypfrut, çiyələk, brokoli və bibər kimi qidalarlardan istifadə etməyiniz dəmirin sorulmasına kömək edəcəkdir.

Hamilə qalmadan əvvəl zərərli vərdişlərlərdən uzaq durmaq niyə vacibdir?

Maddələrin istifadəsi - tütün, alkohol, marixuana, qeyri-qanuni dərmanlar və qeyri-tibbi səbəblərə görə qəbul edilən reseptlə satılan dərmanlar hamiləliyiniz və dölünüz üçün ciddi problemlər yarada bilər:

·Döl qüsurları;

·Aşağı çəkili döl;

·Vaxtından əvvəl doğuş;

·Ölü döl.

Maddə istifadəsi heroin, kokain və ya metamfetamin kimi narkotiklərin qəbulunu əhatə edir. Buraya oksikodon və ya digər opioidlərin sizin üçün təyin olunmayan üsullarla istifadəsi də daxildir. Əgər bu maddələrdən hər hansı birini istifadə edirsinizsə, indi onu tərk etməyin vaxtıdır. Hamiləlikdən əvvəl maddə istifadəsi və ya asılılıq ilə bağlı probleminiz varsa, profesional yardım almaq üçün mütəxəssisə müraciət edə bilərsiniz.

Partnyorum da zərərli vərdişlərdən imtina etməlidirmi?

Həyat yoldaşınız və birlikdə yaşadığınız hər kəs hamiləlik zamanı ətrafınızda siqaret çəkməməlidir. Passiv sigaret çəkmə də yenidoğulmuşun ani ölümü sindromu riskinin artmasına səbəb olur.

 

Siqaret çəkmək, spirtli içkilərdən və narkotik maddələrdən istifadə etmək kişinin sperma hüceyrələrinə və dölə zərər verə bilər.

Ətraf mühit haqqında nə bilməliyəm?

Hamiləlikdən əvvəl və hamiləlik zamanı işdə, evdə və ya ətrafda kimyəvi maddələrlə təmasda ola bilərsiniz. Bəzi kimyəvi maddələrin dölə zərərli təsirləri məlumdur. Bunlara qurğuşun, civə və müəyyən pestisidlər daxildir. Evdə və ya iş yerində məruz qaldığınız bəzi maddələr hamilə qalmağınızı çətinləşdirə bilər.

İşə qəbul olunarkənqurğuşun, civə, pestisidlər kimi zəhərli maddələrə və ya radiasiyaya məruz qalma riskini nəzərə alın.

Xroniki xəstəliklər hamiləlik zamanı problem yarada bilərmi?

Bəli, bəzi patologiyalar hamiləlik zamanı problemlər yarada bilər. Bunlardan bəziləri bunlardır:

·Depressiya;

·Şəkərli diabet;

·Həzm pozulmaları;

·Yüksək qan təzyiqi;

·Qıcolmalar.

Bəzi sağlamlıq problemləri, dölün anadangəlmə qüsurları kimi ciddi patologiyalarınriskini artıra, digərləri ana orqanizmi üçün təhlükə yarada bilər. Lakin bu xəstəliklərin sizdə olması normal hamiləlik keçirib sağlam uşaq dünyaya gətirə bilməyəcəyiniz demək deyil. Hamiləlikdən əvvəl müayinə və müalicə tədbirləri hamiləlikləəlaqədar riskləri azalda bilər.

Xroniki xəstəliklərim varsa nə etməliyəm?

Əgər müəyyən xəstəliklərdən əziyyət çəkirsinizsə, hamilə qalmazadan əvvəl vəziyyətinizi nəzarət altına almaq üçün bəzi dəyişikliklər etməlisiniz. Nəzərə almaq lazımdır ki, sizdə olan xroniki xəstəliklər hamiləlik müddətində kəskinləşə bilər. Sağlamlıq problemlərini nəzarətdə saxlamaq üçün sizə həyat tərzində dəyişikliklər etmək, ginekoloqunuza və ya digər ixtisas həkiminizə daha tez-tez müraciət etmək, hamiləlik dövründə ginekoloqla yanaşı, digər ixtisas həkimlərindən də yardım almaq lazımdır.

Dərmanlar, bitki mənşəli dərmanlar və ya qida əlavələri qəbul edə bilərəmmi?

Bəzi dərmanlar, vitaminlər və bitki mənşəli vasitələr dölə zərər verə bilər və hamiləlik zamanı qəbul edilməməlidir. Hamiləlikdən əvvəl ginekoloq müayinəsinə getdikdə qəbul etdiyiniz bütün dərmanları həkimə bildirməlisiniz. Dərmanların adlarını yadınızda saxlamağa çətinlik çəkirsinizsə, onları qəbula gedən zaman özünüzlə aparın. Ginekoloq hamiləlik zamanı istifadə edildikdə bu dərmanların təhlükəsiz olub-olmamasını müəyyən edəcək.

Kimlər cinsi yolla yoluxan infeksiyalara görə risk altındadır?

Birdən çox partnyorla cinsi əlaqədə olsanız, cinsi yolla ötürülən infeksiyalara yoluxma riskiniz daha yüksəkdir. Partnyorunuz başqası ilə cinsi əlaqədə olarsa, siz yenə də risk altında hesab olunursunuz.

Cinsi yolla ötürülən infeksiyanın (CYÖİ) olduğundan şübhələnsəm nə etməliyəm?

Əgər sizdə və ya partnyorunuzda CYÖİ ola biləcəyini düşünürsünüzsə, dərhal müayinə və müalicə olunun. Partnyorunuzun da müalicəyə ehtiyacı ola bilər. Hər ikiniz müalicəni bitirənə qədər cinsi əlaqədə olmamalısınız.

Hamiləlikdən əvvəl peyvənd haqqında nə bilməliyəm?

Hamiləlik zamanı bəzi infeksiyalar dölün anadangəlmə qüsurlarına və ya hamiləlik ağırlaşmalarına səbəb ola bilər. Peyvəndlə bir çox infeksiyanın qarşısını almaq mümükündür. Hamiləlik planlamazdan əvvəl yaşınıza uyğun tövsiyə olunan bütün peyvəndləri vurdurmaq arzuolunandır, çünki bəziləri hamiləlik zamanı vurula bilməz.

Hamilə qadınlar üçün qrip, tetanus, difteriya, göyöskürək peyvəndi daha vacibdir. Qrip və göyöskürək peyvəndihamiləlik zamanı da təhlükəsizdir.

Keçmiş hamiləlikdə problemim var idi - yenə eyni problemlə üzləşəcəmmi?

Bəzi hamiləlik problemləri zamanı sonrakı hamiləlikdə də eyni problemin olma riski yüksək olur. Bu patologiyalara vaxtından əvvəl doğuş, yüksək qan təzyiqi, preeklampsiya və hestasional diabet və s. daxildir. Ancaq əvvəlki hamiləlikdə problemin olması onun mütləq yenidən baş verəcəyi mənasına gəlmir. Xüsusən də, hamiləlikdən əvvəl və hamiləlik müddətində lazımi tədbirlərin görülməsi bu riski xeyli aşağı salır.


Konsultasiyaya yazılın


Əgər hər hansı bir mövzu ilə əlaqəli mənimlə saxlamaq istəyirsinizsə aşağıdakı vasitələrdən istifadə edərək mənə yaza bilərsiniz:


Dr. Ginekoloq Leyla Məmmədli

WhatsApp: +994 55 585 03 23

Instagram: @ginekoloq_leyla.mammadli

Ünvan: Tədris Cərrahiyyə klinikası


İstənilən sorğu və ya görüş təyin etmək üçün mənimlə əlaqə saxlaya bilərsiniz.



  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Кликните на изображение чтобы обновить код, если он неразборчив