Məqalələr

Genital Herpes nədir? Necə yaranır? Necə müalicə olunur?

Genital Herpes nədir? Necə yaranır? Necə müalicə olunur?

Genital herpes nədir?

Genital herpes cinsi yolla ötürülən infeksiyadır. Buna herpes simplex virusu (HSV) adlı virus səbəb olur. HSV infeksiyası dodaqların, cinsiyyət orqanlarının və ya anusun ətrafında ağrılı yara və blisterlərə səbəb ola bilər. Bəzən HSV-yə yoluxma baş verməsinə baxmayaraq, heç bir əlamət müşahidə olunmur.

Genital herpesi hansı viruslar törədir?

Genital herpesə səbəb ola bilən iki növ HSV var: 1) HSV-1 və 2) HSV-2. Genital herpesin ən çox yayılmış səbəbi HSV-2-dir. HSV-1 adətən ağızda, dodaqlarda və gözlərdə uçuqlamalara səbəb olur, lakin xüsusilə gənc qadınlarda genital herpesə də səbəb ola bilər.

Herpes virusuna yoluxma yolları hansılardır?

HSV, adətən vaginal, oral və ya anal cinsi əlaqə zamanı, herpes yaraları ilə birbaşa təmas zamanı yayılır. HSV dəridə yaralar olmasa da ola bilər. İnsan yoluxmuş şəxsin dərisində olan virusla təmasda olarsa, o, yoluxa bilər.

HSV-yə yoluxduqdan sonra əlamətlər keçsə də, o orqanizmdə qalmağa davam edir. Virus onurğanın yaxınlığındakı sinir hüceyrələrinə gedir və aktivləşənə qədər orada qalır. Hər hansı səbəbdən aktivləmiş virus, sinirlər boyunca hərəkət edərək bədənə ilk daxil olduğu yerə qayıdır və yeni yara və qabarcıqların əmələ gəlməsinə səbəb olur. Buna təkrarlanma (residiv) deyilir. Virus bu müddət ərzində də başqalarına keçə bilər.

Herpes virusuna yoluxduqdan nə qədər müddət sonra əlamətlər meydana çıxır?

İnsan HSV ilə ilk yoluxduqda, simptomlar virusun bədənə daxil olmasından təxminən 2-10 gün sonra üzə çıxır.

Herpes virusuna ilk dəfə yoluxduqda hansı əlamətlər olur?

Əvvəlcə qızdırma, titrətmə, əzələ ağrıları, yorğunluq və ürəkbulanma kimi qripə bənzər simptomlar ola bilər. Yaralar cinsiyyət orqanlarında, sağrılarda və ya digər nahiyələrdə kiçik, maye ilə dolu qabarcıqlar kimi görünə bilər. Yaralar çox vaxt qruplar şəklində yerləşir və yaraların olduğu nahiyə şişmiş və həssas olur. Cinsi orqanlarda yaralar varsa, sidik ifraz zamanı sancma və ya yanma hissi adi haldır.

 

Genital herpesin xəstəlik müddəti 2-4 həftə davam edə bilər. Bu müddət ərzində yaralar açılır və maye xaric olur. Bir neçə gün ərzində yaralar qabıqlanır və iz qoymadan sağalır.

Təkrarlan herpes virusu infeksiyası zamanı hansı əlamətlər olur?

Xəstəlik yenidən baş verdikdə, virusun bədənə ilk daxil olduğu yerin yaxınlığında yanma, qaşınma və ya gicikmə hissi əmələ gəlir. Ağrının bel, oma, bud və ya dizlərdə hiss olunması da mümkündür. Adətən bir neçə saatdan sonra yaralar meydana çıxır. Təkrarlanan infeksiyada əksər hallarda genital bölgədə qızdırma və ya şişkinlik olmur. Yaralar daha tez – təxmini 3-7 gün ərzində sağalır. Bu zaman ağrı, adətən ilk yoluxmada olduğundan az olur. Xəstəliyin residiv verməsi çox vaxt infeksiyadan sonrakı ilk ildə daha tez-tez rast gəlinir. Bir çox hallarda residivlərin sayı zamanla azalır.

Genital herpesin əlamətləri hamıda eyni olur?

Xeyr. HSV-yə yoluxmuş bir çox insanda heç bir əlamət olmur. Simptomlar olduqda belə, onlar hər insanda fərqli ola bilər. Bəzi insanlarda çox sayda ağrılı yaralar olduğu halda, digərlərində yalnız yüngül simptomlar nəzərə çarpır.

Genital herpesə necə diaqnoz qoymaq olar?

Genital herpesin diaqnozu üçün laborator analizlər lazımdır. Yaralar varsa, yaradan maye nümunəsi götürülür. Nümunə virusun olub-olmadığını və əgər varsa, onun hansı HSV növü olduğunu yoxlamaq üçün test edilir.

Qan analizi də HSV diaqnozuna kömək edə bilər. Analiz orqanizmin virusla mübarizə üçün əmələ gətirdiyi anticisimləri aşkarlamaq üçündür. Qan analizi HSV növünü göstərə bilər, ancaq infeksiyaya necə və ya nə qədər müddət ərzində yoluxduğunuzu deyə bilməz.

Genital herpes necə müalicə olunur?

Yoluxma zamanı qəbul edilən antiviral dərmanlar xəstəliyin davametmə müddətini və şiddətini azalda bilər. Gündəlik olaraq qəbul edildikdə, antiviral dərmanların residivlərin sayını azaltdığı bildirilir. Buna supressiv terapiya deyilir. Bəzi hallarda supressiv terapiya uzun müddət xəstəliyin təkrar baş verməsinin qarşısını alır. O, həmçinin herpes virusuna yoluxdurma riskini də azaldır.

Herpes virusunun cinsi partnyoruma keçməsinin qarşısını necə ala bilərəm?

Əgər sizdə genital herpes varsa, HSV-ni cinsi partnyorunuza ötürməmək üçün tədbirlər görməlisiniz:

· Cinsi partnyorunuza genital herpesiniz olduğu haqda məlumat verin. Onda yaralar əmələ gəlməsə də, analiz vermələri məsləhətdir. Herpes üçün qan analizi heç bir simptom olmadıqda da edilə bilər.

· HSV-ni başqasına keçirmək, hətta yaralarınız olmadıqda da mümkündür. Virus normal görünən dəridə ola bilər. Kişilərin lateks prezervativlərindən (və ya lateksə alerjisi olanlar üçün poliuretandan) istifadəsi HSV keçirmə və ya yoluxma riskinizi azalda bilər, lakin onlar tam qorunma təmin etmir. Virus olan, lakin prezervativlə örtülməyən dəri sahələri infeksiyanı yaya bilər. Supressiv terapiyanın infeksiyanın tərəfdaşa keçmə riskini azaltması mümkündür.

· Xəstəliyin baş verdiyini göstərən prodromal simptomlara diqqət yetirin. Bu simptomların baş verdiyini hiss etdiyiniz andan qaşınma yox olandan bir neçə gün sonraya qədər cinsi əlaqədən çəkinin. Yaralarla mümkün təmasdan sonra əllərinizi sabun və su ilə yuyun. Bu, özünüzü yenidən yoluxdurmaqdan və ya virusu başqasına ötürməkdən qoruyacaq.

HSV-2 infeksiyası olan insanlar, HİV-ə yoluxmuş tərəfdaş ilə cinsi əlaqədə olduqda, insan immun çatışmazlığı virusuna (İİV) yoluxma riski artır. Supressiv terapiyanın qəbulu bu riski azaltmır.

Herpes virusu hamiləliyə necə təsir edə bilər?

Qadın hamilədirsə və HSV ilə yoluxmuşdursa, doğuş zamanı dölün doğum kanalından keçərkən virusa yoluxması mümkündür. Bu, əksər vaxtlarda, qadın hamiləlik dövründə HSV-yə ilk dəfə yoluxduqda və hamiləliyin sonlarında yoluxma zamanı baş verir. Ancaq hamiləlikdən əvvəl yoluxmuş bir qadında hamiləlik müddətində xəstəliyin residivləşməsi zamanı dölün yoluxması riski daha azdır.

Doğuş zamanı yaralarınız və ya infeksiyanın əlamətləri varsa, övladınızı kesar əməliyyatı ilə dünyaya gətirməyinizə ehtiyac yarana bilər. Bu qərar bir çox amillərdən, o cümlədən yaraların bədəninizdə yerləşdiyi yerlərdən və doğuş zamanı dölün onlarla təmasda olub-olmamasından asılıdır.

Herpes virusuna yoluxmuş analar süd verə bilər?

Bəli, əksər hallarda. Herpes virusu ana südü ilə körpəyə keçə bilməz. Bununla belə, körpə vücudunuzdakı yaraya toxunaraq yoluxa bilər. Körpənizi qucağınıza aldığınız zaman və ya əmizdirərkən körpənin təmasda ola biləcəyi yaraların örtüldüyünə əmin olun. Körpənizi qidalandırmadan əvvəl və sonra əllərinizi sabun və su ilə yuyun. Süd vəzinizdə yaralar varsa, körpənizi o döşdən əmizdirməməlisiniz.



Konsultasiyaya yazılın


Əgər hər hansı bir mövzu ilə əlaqəli mənimlə saxlamaq istəyirsinizsə aşağıdakı vasitələrdən istifadə edərək mənə yaza bilərsiniz:


Dr. Ginekoloq Leyla Məmmədli

WhatsApp: +994 55 585 03 23

Instagram: @ginekoloq_leyla.mammadli

Ünvan: Tədris Cərrahiyyə klinikası


İstənilən sorğu və ya görüş təyin etmək üçün mənimlə əlaqə saxlaya bilərsiniz.



  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Кликните на изображение чтобы обновить код, если он неразборчив