Məqalələr

DİSMENOREYA: AĞRILI AYBAŞI

DİSMENOREYA: AĞRILI AYBAŞI

Dismenoreya nədir?

 

Menstruasiya ilə əlaqədar meydana çıxan ağrılara dismenoreya deyilir. Menstruasiya görən qadınların yarısından çoxunda hər aybaşıda 1-2 gün ağrı olur. Ağrı, adətən yüngül olsa da, bəzi qadınlarda gündəlik fəaliyyətlərini yerinə yetirməyə mane olacaq qədər güclü olur.

Dismenoreyanın əlamətləri nədir?

Əksər qadınların menstruasiya zamanı ağrıları olur. Bəzi qadınlarda güclü ağrılarla yanaşı, ishal, ürəkbulanma, qusma, baş ağrısı və başgicəllənmə kimi digər simptomlar da müşayiət olunur.

Dismenoreyanın hansı formaları var?

Dismenoreyanın 2 növü var: birincili və ikincili.

Birincili dismenoreya nədir?

Birincili dismenoreya menstruasiya əvvəli və ya menstruasiya zamanı yaranan sancışəkilli ağrılardır. Bu ağrılar, uşaqlığın selikli qişasında sintez olunan və prostaglandinlər adlanan təbii kimyəvi maddələrdən qaynaqlanır. Prostaglandinlər uşaqlığın əzələlərinin və qan damarlarının yığılmasına səbəb olur. Menstruasiyanın ilk günündə prostaglandinlərin səviyyəsi yüksəlir. Qanama davam etdikcə və uşaqlığın selikli qişası soyulduqca səviyyə aşağı düşür. Buna görə ağrı, menstruasiyanın ilk bir neçə günündən sonra azalır.

Menstruasiya ağrıları hansı yaşda başlayır?

Birincili dismenoreya qız uşaqlarında ilk menstruasiya olandan dərhal sonra başlayır. Birincili dismenoreyası olan bir çox qadında menstruasiya yaşlandıqca daha az ağrılı olur. Həmçinin, ayabaşı ağrılarının doğuşdan sonra azalması da mümkündür.

İkincili dismenoreya nədir?

İkincili dismenoreya reproduktiv orqanlarda olan patoloji dəyişikliklərdən qaynaqlanır. Ağrı zaman keçdikcə daha da pisləşir və çox vaxt normal menstrual sancılardan daha uzun müddət davam edir. Məsələn, ağrı menstruasiya başlamazdan bir neçə gün əvvəl başlaya, menstruasiya davam etdikcə daha da güclənə və bitdikdən sonra keçməyə bilər.

İkincili dismenoreyaya hansı patologiyalar səbəb olur?

İkincili dismenoreya səbəb ola biləcək patologiyalar aşağıdakılardır:

Endometrioz - endometrioz, uşaqlığın selikli qişasına bənzər toxumanın orqanizmin digər nahiyələrində, məsələn, yumurtalıqlarda və fallop (uşaqlıq) borularında, uşaqlığın arxasında və sidik kisəsində yerləşməsi nəticəsində baş verir. Uşaqlığın daxili qişası kimi, bu toxuma da hormonların təsirindən dəyişikliyə məruz qalır və qanayır. Bu qanama, xüsusilə menstruasiya zamanı ağrının əsas səbəblərindən biridir. Qanamanın baş verdiyi yerdə çanaq içərisində bitişmələr şəklində çapıq toxumasının əmələ gəlməsi mümkündür. Bitişmələr orqanların bir-birinə yapışmasına, eyni zamanda ağrıya səbəb ola bilər.

Miomalar — miomalar uşaqlığın üzərində, daxilində və ya divarlarında əmələ gələn xoşxassəli şişlərdir. Uşaqlığın divarında yerləşən miomalar ağrıya səbəb ola bilər. Kiçik ölçülü miomalar adətən ağrıya səbəb olmur.

Adenomioz - adenomioz uşaqlığın əzələ divarında normalda uşaqlığın daxilində yerləşən endometrium toxumasının inkişaf etməsi zamanı baş verir. Bu patologiya daha çox doğmuş və yaşı 40-dan yuxarı olan qadınlarda müşahidə olunur.

Uşaqlıq yolu, uşaqlıq boruları və digər reproduktiv orqanlarla bağlı problemlər— genital orqanların anadangəlmə bəzi qüsurları menstruasiya zamanı ağrıya səbəb ola bilər.

Digər patologiyalar - bəzi xəstəliklər aybaşı zamanı kəskinləşə və ağrıya səbəb ola bilər. Bu patologiyalara Kron xəstəliyi və sidik yollarının xəstəliklərini misal göstərmək olar.

Mensturasiya ağrılarına görə ginekoloqa müraciət etməliyəm?

Bəli, əgər aybaşı ağrılarınız varsa, mama-ginekoloqunuza simptomlarınız və menstrusiya dövrünün xüsusiyyətləri barəsində məlumat verməlisiniz. Lazım gələrsə, ginekoloqunuz pelvik müayinə və dərman müalicəsi tövsiyə edə bilər. Dərmanlar ağrınızı aradan qaldırmazsa, daha ətraflı müayinə ilə ağrının səbəbi araşdırılmalıdır.

Dismenoreyanın səbəblərini tapmaq üçün hansı müayinə üsullarından istifadə edilir?

Müayinədə ilk addım olaraq ultrasəs müayinəsi edilə bilər. Bəzi hallarda, daha ətraflı müayinəyə ehtiyac yarandığından ginekoloqunuz sizə laparoskopiya tövsiyə edə bilər. Bu, ginekoloqa çanaqdakı orqanlara baxmaq imkanı verən bir prosedurdur. Laparoskopiya zamanı göbək yaxınlığında kiçik bir kəsik edilir. Qarın boşluğuna nazik, işıqlı kamera - laparoskop daxil edilir. Laparoskopiya, adətən stasionar şəraitində, ümumi anesteziya altında aparılır.

Mestruasiya ağrıları necə müalicə olunur?

Aybaşı ağrıları zamanı ağrıkəsicilərin istifadəsi müalicənin ilk addımıdır. Bəzi ağrıkəsicilər prostaqlandinlərə təsir edir. Qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP) adlanan bu dərmanlar orqanizm tərəfindən sintez olunan prostaqlandinlərin miqdarını və onların təsirini azaldır. Bu da öz növbəsində menstrual sancıların azalmasına səbəb olur. İbuprofen və naproksen kimi əksər QSİƏP-ləri apteklərdən almaq mümkündür.

QSİƏP- lər necə istifadə olunur?

QSİƏP- lər, menstruasiya və ya ağrınız meydana çıxan kimi qəbul edildikdə ən yaxşı nəticəni verir. Adətən onları yalnız 1 və ya 2 gün qəbul edirsiniz. Qan xəstəlikləri, astma, aspirin allergiyası, qaraciyər zədələnməsi, mədə xəstəlikləri və ya xorası olan qadınlar QSİƏP qəbul etməməlidirlər.

Menstruasiya ağrılarının müalicəsində istifadə olunan digər üsullar hansılardır?

Hormonal həblər, plastır və vaginal həlqə kimi estrogen və progestin tərkibli kontrasepsiya üsulları aybaşı ağrılarını müalicə etmək üçün istifadə edilə bilər. Bunlardan əlavə, dərialtı implantlar və inyeksiyalar kimi yalnız progestin tərkibli kontrasepsiya üsulları da menstruasiya ağrılarını azaltmaqda faydalıdır.

Mestruasiya ağrılarının müalicəsində spirallardan istifadə oluna bilər?

Bəli, hormonal uşaqlıqdaxili vasitələr (spirallar) aybaşı ağrılarını müalicə etmək üçün də istifadə edilə bilər. Hormonal spiral taxıldıqdan bir neçə ay sonra bir çox qadında aybaşı qanaxması və ağrısı yüngülləşir. Bəzi hallarda, spiralı olan qadınlarda qanaxma tamamilə dayanır. Əgər hamilə qalmağı planlaşdırmırsınızsa, ginekoloqunuzla bir müalicə forması kimi hormonal kontrasepsiya üsulları haqqında məsləhətləşə bilərsiniz.

 

Menstruasiya ağrılarını azaltmaq üçün alternativ müalicə üsulları hansılardır?

Akupunktur, nöqtəvi masaj və sinir stimullaşdırılması müalicələri aybaşı ağrılarını müalicə etmək üçün faydalı ola bilər. Trigger nöqtə terapiyası da ağrını azaltmağa kömək edə bilər.

Menstruasiya ağrılarına vitaminlər kömək edə bilər?

Vitamin B1 və ya maqnezium əlavələri faydalı ola bilər, lakin onları aybaşı ağrılarının müalicəsində effektiv üsul kimi tövsiyə etmək üçün kifayət qədər tədqiqat aparılmamışdır.

Ev şəraitində menstruasiya ağrılarını necə azaltmaq olar?

İdman - həftənin əksər günlərində məşq etmək özünüzü daha yaxşı hiss etmənizə gətirib çıxara bilər. Gəzinti, qaçış, velosiped sürmə və ya üzgüçülük kimi aerobik məşqlər ağrının qarşısını alan kimyəvi maddələrin sintezinə kömək edir.

İstilik tətbiq etmək - isti vanna qəbul etmək və ya qarnınıza isidici yastıqcıq və ya isti su şüşəsi qoymaq sakitləşdirici effekt verə bilər.

Yuxu - menstruasiya əvvəli və dövründə kifayət qədər yatmaq vacibdir. Yaxşı dincəlmək narahatlığın öhdəsindən gəlməyə kömək edə bilər.

Rahatladıcı üsullar - meditasiya və ya yoqa ilə məşğul olmaq da ağrının öhdəsindən gəlməyə kömək edə bilər.

Menstruasiya ağrılarının səbəbi endometriozdursa, müalicə üsulları hansılardır?

Simptomlarınız və ya laparoskopiya menstruasiya ağrısının səbəbi kimi endometrioz olduğunu aşkarlayırsa, həkiminiz kontrasepsiya üsullarını - hormonal həblər, implantlar, inyeksiyalar və ya hormonal spiralları sınamağı tövsiyə edə bilər. Qonadotropin rilizing hormon (GnRH) agonistləri adlanan dərmanlar da endometrioz ağrısını aradan qaldıra bilər. GnRH agonistləri sümük kütləsinin itirilməsi, istibasmalar və vaginal quruluq kimi bir sıra əlavə təsirlərə səbəb olduğundan, onlar adətən qısa müddətə istifadə olunur.

Menstruasiya ağrılarının səbəbi miomadırsa, müalicə üsulları hansılardır?

Miomalar ayabşı ağrılarınıza səbəb olarsa, ilk addım kimi QSİƏP-lər, kontraseptivlər və ya GnRH agonistlərini sınamaq olar. Bunlar nəticə vermədikdə, uşaqlıq arteriyasının embolizasiyası adlı müalicə tövsiyə oluna bilər.

 

Bu prosedurda uşaqlığa gedən qan damarları kiçik hissəciklərlə bloklanır. Bu, fibromaların böyüməsinə şərait yaradan qan axınını dayandırır. Qadınların əksəriyyəti uşaqlıq arteriyasının embolizasiyasından sonra normal menstrual tsiklə malik olsalar da, bəzi qadınlarda menstruasiya tam kəsilir.

Menstruasiya ağrılarının səbəbi adenomiozdursa, müalicə üsulları hansılardır?

Adenomioz aybaşı ağrılarına səbəb olarsa, QSİƏP-lər, kontraseptivlər və ya digər dərmanlar tövsiyə oluna bilər. Uşaqlıq arteriyasının embolizasiyası da adenomiozun müalicəsi üçün istifadə edilə bilər.

Cərrahi müdaxilə nə vaxt ehtiyac duyulur?

Digər müalicə üsulları ilə ağrıları aradan qaldırmaq mümkün olmazsa, cərrahi müdaxilə tövsiyə oluna bilər. Əməliyyatın növü ağrınızın səbəbindən asılıdır. Miomalar və endometrioz toxuması, göstəriş olduqda cərrahi yolla xaric edilə bilər. Endometrioz xaric edildikdən sonra bəzi hallarda yenidən əmələ gəlir, lakin onun çıxarılması qısa müddətdə ağrıları azalda bilər. Endometrioz əməliyyatından sonra hormonal kontraseptivlər və ya digər dərmanların qəbulu ağrının geri dönməsini gecikdirə və ya qarşısını ala bilər.

Digər müalicələr nəticə vermədikdə, adenomioz zamanı histerektomiya (uşaqlığın xaric edilməsi) əməliyyatının icra edilməsi mümkündür. Şiddətli ağrıya səbəb olan digər patologiyalar zamanı da histerektomiya tövsiyə edilə bilər. Bu əməliyyat adətən son çarədir.


Konsultasiyaya yazılın


Əgər hər hansı bir mövzu ilə əlaqəli mənimlə saxlamaq istəyirsinizsə aşağıdakı vasitələrdən istifadə edərək mənə yaza bilərsiniz:


Dr. Ginekoloq Leyla Məmmədli

WhatsApp: +994 55 585 03 23

Instagram: @ginekoloq_leyla.mammadli

Ünvan: Tədris Cərrahiyyə klinikası


İstənilən sorğu və ya görüş təyin etmək üçün mənimlə əlaqə saxlaya bilərsiniz.



  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Кликните на изображение чтобы обновить код, если он неразборчив