Məqalələr

Doğuşdan sonra hamiləlikdən qorunmağın yolları

Doğuşdan sonra hamiləlikdən qorunmağın yolları
 

DOĞUŞDAN DƏRHAL SONRA  KONTRASEPTİVLƏRİN  İSTİFADƏSİ

1.Doğuşdan sonra kontrasepsiya niyə tövsiyə olunur?

Əgər siz hamiləlikdən qorunmaq üçün heç bir üsuldan  istifadə etmirsinizsə, uşaq dünyaya gətirəndən sonra çox tez bir zamanda təkrar hamilə qalmanız mümkündür. Doğuşdan sonrakı həftələrdə kontrasepsiya metodundan istifadə etmək sizə arzuolunmayan hamiləlikdən qorunmağa və ailənizi planlaşdırmağa imkan verir. Bir çox mütəxəssislər hamiləliklər arasında ən azı 18 ay fasilə verməyi məsləhət görürlər.

2. Doğuşdan sonra nə qədər müddətə ovulyasiya bərpa olunur?

Əgər siz uşağa süd vermirsinizsə, ovulyasiya doğuşdan bir neçə həftə sonra baş verə bilər. Yox əgər  süd verirsinizsə, ovulyasiya gecikə bilər, lakin adətən təxminən 6 aya bərpa olunur.
Ovulyasiya baş verdikdən sonra yenidən hamilə qala bilərsiniz. Ovulyasiya adətən aybaşı başlamazdan 2 həftə əvvəl baş verir. Bu o deməkdir ki, hələ aybaşı görmədən  hamilə qalmağınız mümkündür.

3. Doğuşdan sonrakı doğum kontrol üsulunu nə vaxt seçməliyəm?

Doğuşdan sonra istifadə edəcəyiniz kontrasepsiya metodunu hamilə olan vaxtdan seçmək lazımdır. Seçimlər çoxdur  və sizə uyğun olan ən düzgün üsulu seçmək üçün ginekoloqunuza müraciət edə bilərsiniz. Doğuşdan sonra xəstəxanada olan müddətdə həkimlər kontrasepiya üsulları haqqında sizə təkrar məlumat verəcəklər. Bir çox üsulları körpənizi dünyaya gətirəndən dərhal sonra başlaya bilərsiniz. 

4. Doğum kontrol üsulunu seçərkən nələrə diqqət etmək lazımdır?

Zaman: Kontrasepsiya üsullarından bəzilərini doğuşdan dərhal sonra başlamaq olar. Bəzilərinə başlamaq üçün isə, bir neçə həftə gözləmək lazımdır.
Südvermə: Südvermə  dövründə kontrasepsiya məqsədi ilə istifadə olunan bütün üsullar demək olar ki, təhlükəsizdir. Yalnız bəzi  üsullar ilk həftələrdə məsləhət görülmür, çünki az bir ehtimalla bu üsulların  sizin südünüzü azaltması mümkündür. 
 Effektivliyi: Hamiləlikdən əvvəl istifadə etdiyiniz üsul hamiləlikdən sonra ən yaxşı seçim olmaya bilər. Orqanizmdə gedən dəyişiklikləri nəzərə alaraq, sizə ən uyğun üsulu seçmək mümkündür.

Laktasion amenoreya (süd verməklə hamiləlikdən qorunmaq)

Laktasion amenoreya üsulu  süd verərkən orqanizmin ovulyasiyanın  qarşısını aldığı təbii prosesə əsaslanan müvəqqəti kontrasepsiya üsuludur. Bunun üçün aktiv əmizdirmək vacibdir. Əmizdirmə arasındakı fasilə gündüz 4 saatdan, gecə isə 6 saatdan çox olmamalıdır. Bu üsul hər kəs üçün praktik olmaya bilər.

1.Laktasion amenoreya üsulunun üstünlükləri nədir?


Bu təbii kontrasepsiya üsuludur;
Heç bir xərc tələb etmir.

2.Laktasion amenoreyanın mümkün riskləri və əlavə təsirləri nələrdir?


Laktasion amenoreyadan istifadənin sağlamlıq üçün riskləri və əlavə təsirləri yoxdur;
Bu üsul doğuşdan sonra yalnız 6 ay və ya menstruasiya bərpa olunana qədər istifadə edilə bilər;
Ana südünün sağılmasının laktasion amenoreya üsulunun effektivliyinə təsiri barəsində məlumatlar kifayət qədər  deyil.

Unutmayın, bu metodun effektiv olması üçün  tez-tez əmizdirmək tələb olunur.

Uşaqlıqdaxili vasitələr (spirallar) və implantlar

1.Uşaqlıqdaxili vasitə (UDV) nədir?

Uşaqlıqdaxili spiral ginekoloq tərəfindən uşaqlığa daxil edilən kiçik, T-formalı vasitədir. Spiralı vaginal doğuş və ya kesar əməliyyatından sonra  ilk müayinəyə gələn zaman daxil etmək mümkündür.
Spiralların iki növü vardır:
Mis spirallar- təsiri az miqdarda misi uşaqlıq daxilinə ifraz etməsi ilə izah olunur və 5-10 ilə qədər istifadə müddəti olur.
Hormonal spirallar müəyyən miqdarda progestin hormonu ifraz edir və növündən asılı olaraq 3-8 ilə qədər istifadə üçün yararlı olur.
Hər iki növ spiral əsasən yumurta hüceyrə  və spermatozoidin birləşməsinin, yəni   mayalanmanın qarşısını almaqla işləyirlər.

2.Uşaqlıqdaxili vasitələrin üstünlükləri nədir?


Spirallar nə cinsi həyata, nə də gündəlik fəaliyyətinizə mane olmur;
Daxil edildikdən sonra hamiləliyin qarşısını almaq üçün başqa heç nə etmək lazım deyil;
Hormonal spirallar menstrual ağrıları və ağır menstrual qanaxmaları azalda bilər.

3.Uşaqlıqdaxili vasitələrin mümkün riskləri və əlavə təsirləri nələrdir?

Spiral uşaqlıqdan xaric ola bilər. Bu, UDV-dən istifadənin ilk ilində istifadəçilərin 100-də  5-də baş verir. Bu hal spiral doğuşdan dərhal sonra daxil edildiyi zaman daha çox müşahidə olunur. UDV-lərdən istifadə zamanı, nadir hallarda travma və ya infeksiya kimi ağırlaşmalara rast gəlinir;
Hormonal spirallar istifadənin ilk 3-6 ayında ləkə və qeyri-müntəzəm qanaxmaya səbəb ola bilər. Hormonal UDV istifadəsi zamanı çox vaxt  ayabaşı qanının tamamilə dayanmasını müşahidə edirik. Digər əlavə təsirlərə baş ağrısı, ürək bulanma, depressiya və süd vəzilərində gərginliyi göstərmək olar;
Mis UDV menstrual ağrı və qanaxmanı artıra  və ya ayabaşı arası qanaxmaya səbəb ola bilər. Bu əlamətlər adətən istifadənin ilk aylarında müşahidə olunur və 1 il ərzində azalır; 

4.Doğum kontrol implantları nədir?

Kontrasepsiya məqsədi ilə istifadə olunan implantlar  qolun bazu hissəsinin dərisinin altına yerləşdirilmiş kibrit çöpü ölçüsünə yaxın elastik bir çubuqdur. İmplantı təbii doğuş və ya kesar əməliyyatından dərhal sonra daxil etmək mümkündür. Progestin hormonunu  orqanizmə ifraz etməklə hamiləlikdən qoruyur və 3 ilə qədər istifadə müddəti var. 

5.İmplantın üstün cəhətləri nədir? 


İmplant cinsi və ya gündəlik həyata mane olmur;
Daxil edildikdən sonra hamiləliyin qarşısını almaq üçün başqa bir vasitədən istifadə etmək lazım deyil;
İmplantdan demək olar ki, bütün qadınlar istifadə edə bilər.

6.İmplantın mümkün riskləri və əlavə təsirləri nələrdir?

İmplant gözlənilməyən qanaxmaya səbəb ola bilər. Sizin ayabışınız  çox və ya az, bundan əlavə ayabaşı günlərinin sayının çox olması ola bilər. Bəzi qadınlar aybaşının ümumiyyətlə olmaması, gec-gec olması və ya aybaşı arası  qanaxmaların olması ilə qarşılaşırlar. 
   Digər ümumi yan təsirlərə əhval-ruhiyyə dəyişiklikləri, baş ağrısı, sızanaqlar   və depressiya daxildir.


Baryer üsulları: Prezervativ, spermisid, diafraqma, servikal qapaq 


1.Baryer üsulları nədir?

Baryer üsullarına prezervativ, spermisid,  diafraqma, servikal qapaq və süngər daxildir. Ölkəmizdə  daha çox prezervativ və spermisidlərdən istifadə olunur. Baryer üsulları spermanın yumurta hüceyrəyə çatmasının qarşısını alaraq hamiləlikdən qoruyur.
Prezervativlər və spermisidlər doğuşdan sonra istənilən vaxt istifadə edilə bilər. Uşaqlıq boynu qapağı, diafraqma və süngər doğuşdan 6 həftə sonra, uşaqlıq və uşaqlıq boynu normal ölçüyə qayıtdıqdan sonra istifadə oluna bilər. Doğuşdan sonra süngər və servikal qapaq daha az təsirli olur.

2.Baryer üsulların üstün cəhətləri nələrdir?


Kondomlar cinsi yolla ötürülən infeksiyalardan  qoruyan yeganə kontrasepsiya  üsuludur;
Prezervativlər, spermisidlər və süngərləri hər yerdən almaq olar;
Baryer üsullarının təbii hormonlarınıza heç bir təsiri yoxdur.

3.Baryer üsulların mümkün riskləri və əlavə təsirləri nələrdir? 

Spermisidlər vaginal yanma və qıcıqlanmaya səbəb ola bilər. Bəzi insanların spermisidə qarşı allergik reaksiyasının yaranması mümkündür. Spermisidlərin tez-tez istifadəsi (məsələn, hər gün) yoluxmuş partnyordan insan immun çatışmazlığı virusu (HİV) alma riskini artıra bilər.
Lateks, poliuretan və ya sulfitlərə qarşı allergiyası olan insanlar bu üsullardan bəzilərinə reaksiya verə bilər.
Diafraqma sidik yollarının infeksiyası  riskini artıra bilər.

Kombinə edilmiş hormonal üsullar: həblər, həlqələr və plastırlar


1.Kombinə edilmiş hormonal üsullar hansılardır?

Hormonal həblər, vaginal həlqələr və plastırlar tərkibində estrogen və progestin olan kontrasepsiya üsullarıdır. Onlar əsasən yumurtlamanın qarşısını almaqla təsir edirlər. İstifadə etdiyiniz metoddan asılı olaraq, aşağıdakılara diqqət etməlisiniz: 
Həbləri hər gün, 1 tabletka qəbul etməlisiniz;
Vaginal həlqənı hər 21 gündən bir taxmalısınız;
Plastırları 3 həftə ərzində hər həftə dəriyə yapışdırmalısınız.
Hormonal həblərin istifadəsi zamanı qutu  bitdikdən sonra 1 həftə fasilə verirsiniz və ya aktiv olmayan (hormonları olmayan) həbləri qəbul edirsiniz. Bu müddət ərzində aybaşı görəcəksiniz. Plastır və ya həlqənin istifadəsini dayandırdığınız  dördüncü həftə ərzində menstruasiyanız olacaq.

2.Hormonal üsulların üstünlükləri nələrdir?


Bu üsullar cinsi əlaqəyə mane olmur; 
Mensturasiya ağrılarını azladır, aybaşının daha  müntəzəm, miqdarının və davametmə müddətinin az olmasına gətirib çıxarır;
Sızanaqları azaldır;
Menstruasiya ilə bağlı miqrenin tezliyini azaldır;
Tüklənməni azaldır.

3.Hormonal üsulların mümkün riskləri və əlavə təsirləri nələrdir?


Doğuşdan sonrakı dövrdə dərin venalarda durğunluq riski daha yüksəkdir. Bu vəziyyətə dərin damar trombozu (DVT) deyilir. Kombinə olunmuş hormonal üsullar DVT riskini daha da artırır. Əgər DVT üçün əlavə risk faktorlarınız yoxdursa və körpəni əmizdirmirsinizsə, doğuşdan 3 həftə sonra bu üsullardan istifadə etməyə başlaya bilərsiniz;
Əgər süd verirsinizsə, qəbul edilən estrogenin südün sintezinə təsir göstərməsi riski vardır. Doğuşdan sonra ilk 4-6 həftə ərzində, süd vermə prosesi qaydasına düşənə qədər bu üsullardan qaçınmalısınız;
Hormonal üsulların az da olsa,  insult və infarkt riski  vardır. Ona görə də, siqaret çəkən və 35 yaşdan yuxarı, yüksək qan təzyiqi, infarkt, DVT, auralı miqren, süd vəzi xərçəngi anamnezi olan qadınlara tövsiyə edilmir;
Yan təsirlərinə ani qanaxma, baş ağrısı, süd vəzi həssaslığı və ürəkbulanma da daxil edilə bilər.

Yalnız progestin tərkibli həblər, inyeksiyalar

1.Progestin nədir?

 Progestin, menstrual tsikldə və hamiləlikdə rol oynayan hormon olan progesteronun bir formasıdır. Progestin bir neçə kontrasepsiya üsulunda istifadə olunur. Yalnız progestin tərkibli kontrasepsiya üsullarına həmçinin hormonal uşaqlıqdaxili vasitələr və implantlar da aiddir. 

2.Tək progestin tərkibli həblər və  inyeksiyalar nə qədər effektivdir?


Hormonal tərkibli dərmanları "tipik” və "mükəmməl” şəkildə qəbul  edənlər var. "Mükəmməl” qəbul, yəni həbləri heç unutmadan, hər gün mütamadi istifadə etməkdir. "Tipik” qəbul isə, həblərin qəbulunu bəzən unutmaqla içməkdir. Bunun hormonal vasitələrin kontrasepseptiv effektinə təsiri vardır. Progestin həblərini "tipik” istifadə edən 100 qadından 9-u, "mükəmməl” istifadə edənlərdə 100 qadından 1-i həblərin istifadəsinin ilk ilində hamilə qalır. 
Progestin tərkibli iynələr həblərdən  bir qədər daha effektivdir. İnyeksiyanı mütamadi olaraq 13 həftədən bir istifadə edən qadınlarda istifadənin ilk ilində 100 qadından 1-i hamilə qalır.

3.Progestin tərkibli həblər necə qəbul olunur?

Yalnız progestin tərkibli dərmanlar bəzən "mini həblər"  də adlanır. Həblər  hər gün eyni vaxtda gündə bir dəfə qəbul edilməlidir. Bəzi firmalarda  hər paketdə 24 aktiv həb (progestinli) və dörd qeyri-aktiv həb (progestinsiz)  olur.
Əgər həblərin qəbulunu xatırlamaqda çətinlik çəkirsinizsə,  zəngli saat və ya smartfon proqramından istifadə edə bilərsiniz. Həblərin gün ərzində müxtəlif saatlarda qəbul olması onların kontraseptiv effektini azaldır.

4.Yalnız progestin tərkibli həblər necə təsir edir?

Həblərdə olan progestin orqanizmdə hamiləliyin qarşısını alan bir sıra təsirlərə malikdir:
Uşaqlıq boynundakı seliyi qatılaşdırır, bu da spermanın uşaqlığa daxil olmasını və  mayalanmanı çətinləşdirir;
Progestin ovulyasiyanın qarşısını alır, lakin progestin həbləri istifadə edən hər 10 qadından təxminən 4-də follikulun yetişməsi davam edir;
Progestin uşaqlığın selikli qişasını nazikləşdirir.

Progestin həblərin qəbuluna menstrual tsiklin istənilən günündə başlaya bilərsiniz. Həkim müayinəsi zamanı ginekoloji müayinə xüsusi əhəmiyyət kəsb etmir. Lakin ginekoloq hamilə olmadığınıza tam əmin olduqdan sonra preparatı resept şəklində yazır. Nəzərə almalı olduğunuz məqamlar:

Əgər menstruasiya başladıqdan sonra ilk 5 gün ərzində həbləri qəbul etməyə başlasanız, əlavə kontrasepsiya üsuluna ehtiyac yoxdur;
Əgər menstruasiya başladıqdan sonra 5 gündən  gec müddətdə həbləri qəbul etməyə başlasanız, əlavə hamiləlikdən qorunma üsulundan  istifadə etməli və ya növbəti 2 gün ərzində cinsi əlaqədən  çəkinməlisiniz.

5.Progestin tərkibli həblərin qəbulunu unudaramsa nə etməliyəm?

Yalnız progestin tərkibli həbləri qəbul etməyi unutsanız, onu mümkün qədər tez qəbul etməli və kontrasepsiya metodundan (məsələn, prezervativ) istifadə etməli və ya növbəti 2 gün ərzində vaginal cinsi əlaqədən çəkinməlisiniz;
Həmçinin, həb qəbul etdikdən sonra 3 saat ərzində qusma və ya şiddətli ishal varsa, progestin bədəniniz tərəfindən tamamilə sorulmaya bilər. Həblərinizi almağa davam edin, ancaq qusma və ya ishal dayanana qədər  ehtiyat üsuldan istifadə edin;
24 aktiv və 4 qeyri-aktiv tablet olan yalnız progestin tərkibli preparatlarda bir həbin qəbulunu unutsanız, növbəti həbi 24 saat ərzində qəbul edə bilərsiniz. Ancaq məqsəd yenə də həbləri hər gün eyni vaxtda qəbul etmək olmalıdır.

6.Yalnız progestin tərkibli preparatların üstün cəhətləri

Yalnız progestin tərkibli dərmanların kontrasepsiyadan başqa təsirləri də vardır. Məsələn, bu həbləri qəbul edərkən qanaxmanın, mensturasiya ağrılarının azalması baş verə bilər.

7.Progestin tərkibli preparatların qan təzyiqinə təsiri varmı?

Estrogen və progestin tərkibli kontraseptiv həblərdən fərqli olaraq, yalnız progestin olan həblər yüksək qan təzyiqi və ya ürək-damar xəstəlikləri riskini artırmır. Həmçinin, dərin vena trombozu (DVT) və ya nəzarətsiz yüksək qan təzyiqi kimi müəyyən sağlamlıq problemləriniz olsa belə, yalnız progestin həblərini qəbul edə bilərsiniz.
Yalnız progestin tərkibli həblər, hətta  körpənizi  əmizdirirsinizsə, doğuşdan dərhal sonra istifadə edilə bilər. Həblər uşaq salma və ya abortdan dərhal sonra da istifadə edilə bilər.

8.Progestin tərkibli həblərin mümkün riskləri və əlavə təsirləri nələrdir?

Yan təsirlərə baş ağrısı, ürəkbulanma və döş həssaslığı daxildir;
Süd vəzi xərçəngi  zamanı və digər xüsusi somatik xəstəliklərdə tövsiyə olunmur. 

Sterilizasiya

1.Sterilizasiya nədir? 

Sterilizasiya  qalıcı kontrasepsiya üsuludur. Qadınlarda sterilizasiya uşaqlıq borularının bağlanması və ya çıxarılması ilə həyata keçirilir. Sterilizasiya 99%-dən çox effektivdir.

2.Sterilizasiya necə aparılır?

Qadın sterilizasiyasının bir neçə yolu var:

Doğuşdan sonrakı sterilizasiya doğuşdan dərhal sonra siz hələ xəstəxanada olarkən həyata keçirilir. Anesteziya altında qarın divarında  kəsik aparmaqla icra edilir.  Əgər kesar yolu ilə doğuş etmisinizsə, eyni zamanda sterilizasiyanı da etmək mümkündür. Bu qərarı hamiləlik müddətində verməli, ər və arvadın yazılı razılığı olmalıdır. 
Laparoskopik sterilizasiya körpəniz doğulduqdan bir neçə həftə sonra ayrıca prosedur kimi həyata keçirilə bilər. Bu, qarın divarında çox kiçik kəsiklər aparmaqla asanlıqla icra olunan üsuldur.
Vazektomiya kişilər üzərində aparılır.  Bu, qadın sterilizasiyasından daha asan və təhlükəsiz bir prosedurdur. Spermanın tamamilə spermatozoidlərdən təmizlənməsi  təxminən 2-4 ay çəkir.  Bu müddətdə cütlük başqa bir kontrasepsiya üsulundan istifadə etməli və ya  cinsi əlaqədə  olmaqdan çəkinməlidir.

3.Sterilizasiyanın üstün cəhətləri nədir?

Sterilizasiya qalıcı üsuldur. Bunu etdikdən sonra hər hansı digər qorunma metodundan istifadə etmək lazım deyil.
Sterilizasiya prosedurlarının ağırlaşma riski azdır.

4.Sterilizasiyanın mümkün riskləri və əlavə təsirləri nələrdir?


Qadın və kişi sterilizasiyası zamanı az da olsa qanaxma və infeksiya riski var;
Qərar verərkən gələcəkdə yenidən hamilə qalmaq istəmədiyinizə əmin olmalısınız. Daha sonra fikrinizi dəyişsəniz, borunun keçiriliciyini yenidən bərpa etmək cəhdlərinin işə yarayacağına zəmanət verilmir.


Konsultasiyaya yazılın


Əgər hər hansı bir mövzu ilə əlaqəli mənimlə saxlamaq istəyirsinizsə aşağıdakı vasitələrdən istifadə edərək mənə yaza bilərsiniz:


Dr. Ginekoloq Leyla Məmmədli

WhatsApp: +994 55 585 03 23

Instagram: @ginekoloq_leyla.mammadli

Ünvan: Tədris Cərrahiyyə klinikası


İstənilən sorğu və ya görüş təyin etmək üçün mənimlə əlaqə saxlaya bilərsiniz.




Cavab ver
  • 17 марта 2024 12:36
Salam, Leyla doktor. Doğuşdan sonra hormonal spiralların hansı ziyanları ola bilər?

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Кликните на изображение чтобы обновить код, если он неразборчив