Vaginal axıntı qadın orqanizminin təbii qoruyucu mexanizmidir. Rəng, qoxu və miqdarda dəyişiklik olduqda vaxtında həkimə müraciət vacibdir.
Vaginal axıntı – nə vaxt normal, nə vaxt təhlükəlidir?
Vaginal axıntı qadın orqanizminin təbii qoruyucu mexanizmidir. Bu axıntı uşaqlıq yolunu təmizləyir, mikrofloranın tarazlığını saxlayır və infeksiyalardan qoruyur. Lakin bəzən axıntının miqdarı, rəngi və qoxusu dəyişdikdə bu, müəyyən ginekoloji problemin xəbərçisi ola bilər.
Normal vaginal axıntı necə olur?
Normal axıntı şəffaf və ya ağ rəngdə, qoxusuz olur. Menstrual dövrün müxtəlif mərhələlərində miqdarı dəyişə bilər:
- Yumurtlama dövründə axıntı bir qədər çoxalır, şəffaf və sürüşkən olur.
- Aybaşıdan sonra az miqdarda, ağ və ya şəffaf axıntı ola bilər.
- Cinsi əlaqədən və ya fiziki aktivlikdən sonra axıntı artması da normal sayılır.
Bu dəyişikliklər fizioloji haldır və narahatlıq yaratmamalıdır.
Həkimə müraciət tələb edən hallar
Aşağıdakı əlamətlər müşahidə olunduqda ginekoloqa müraciət etmək vacibdir:
- Axıntının rəngi sarı, yaşıl, boz və ya qanlı olarsa;
- Kəskin və xoşagəlməz qoxu hiss edilərsə;
- Qaşıntı, yanma, ağrı və ya sidik ifrazında narahatlıq yaranarsa;
- Axıntı çox miqdarda və uzunmüddətli olursa.
Bu simptomlar bakterial vaginoz, göbələk infeksiyası (kandidoz), servisit və ya cinsi yolla keçən infeksiyaların göstəricisi ola bilər.
Özbaşına müalicə təhlükəlidir
Əlamətləri aradan qaldırmaq üçün ev şəraitində müxtəlif vasitələrdən istifadə etmək, eləcə də aptekdən özbaşına və ya aptekçinin məsləhəti ilə alınan maz və şamları işlətmək düzgün deyil. Bu, problemi müvəqqəti azaldır, amma səbəbi aradan qaldırmır.
Ən doğru yanaşma – ginekoloq müayinəsi və yaxma (analiz) nəticələrinə əsaslanan müalicədir.
Profilaktika üçün tövsiyələr
- Gündəlik gigiyenada yalnız su və ya xüsusi intim gellərdən istifadə edin;
- Spirtli və ətirli vasitələrdən uzaq durun;
- Pambıq materialdan olan alt paltarları seçin;
- Nəm və dar geyimdə uzun müddət qalmayın;
- Cinsi əlaqə zamanı qorunma vasitələrindən istifadə edin.
Vaginal axıntı qadın orqanizminin təbii və faydalı bir prosesidir. Ancaq onun rəngi, qoxusu və miqdarı dəyişdikdə bu, orqanizmin xəbərdarlığı kimi qiymətləndirilməlidir.
Belə hallarda vaxtında həkimə müraciət etmək həm rahatlıq, həm də sağlamlığın qorunması baxımından vacibdir.
Qadın sağlamlığınızı qorumaq və vaxtında müayinə olmaq üçün sizi qəbuluma dəvət edirəm.
Dr. Leyla Məmmədli mama-ginekoloq