Uşaqlıqdaxili spiralın hissəvi qalması, ağrı, qanaxma və iltihab hallarında onun histeroskopiya ilə çıxarılması tövsiyə olunur.
Uşaqlıqdaxili spiralın ən geniş yayılmış ağırlaşmaları arasında ağrı, menometroraggiya tipli qanaxma və daxili cinsiyyət orqanlarının iltihabı qeyd olunur. Daimi və intensiv ağrı çox vaxt spiralın uşaqlığın ölçüsü ilə uyğun olmamasından xəbər verir. Qarının aşağı nahiyəsində sancı şəklində ağrı və qanaxma əsasən spiralın öz-özünə uşaqlıq boşluğundan çıxması (ekspulsiyası) əlamətləridir.
Spiralın xaric edilməsinə göstərişlər
Tibbi səbəblərlə uşaqlıqdaxili spiralın çıxarılması aşağıdakı hallarda aparılır:
-
Ağrı
-
Qanaxma
-
Kiçik çanağın kəskin iltihabı prosesləri
-
Hamiləlik
-
Uşaqlıq cisminin və boynunun xərçəngi
-
Uşaqlığın perforasiyası (deşilməsi)
-
Spiralın hissəvi ekspulsiyası (düşməsi)
Histeroskopiyanın rolu
Spiralın xaric edilməsində çətinlik yarandıqda histeroskopiya tətbiq olunur. Histeroskopiyanın istifadəsinə göstərişlər:
-
Spiralın uşaqlığın divarını perforasiya etməsinə şübhə olduqda
-
Spiralın uğursuz xaric edilməsi zamanı hissələrinin uşaqlıq boşluğunda qalması
-
Spiralın möhkəm yapışması və ya miometriya qatına sirayət etməsi
Histeroskopiya spiralın özünün və ya hissələrinin yerini dəqiq müəyyən etməyə və onların rahat xaric edilməsini təmin etməyə imkan verir.
Histeroskopiyanın vaxtı və əhəmiyyəti
Bu prosedura erkən proliferasiya dövründə aparılmalıdır, çünki bu dövrdə endometriya nazik və solğun olur. Spiral uzun müddət uşaqlıq boşluğunda qaldıqda hissəvi olaraq endometriyanın bir parçası ilə tutula və ya miometriya qatına sirayət edə bilər. Ağır hallarda uşaqlığın perforasiyası baş verir. Histeroskopiya perforasiyanın yerini və ölçüsünü dəqiq müəyyən etməyə, həmçinin sonrakı taktikanı düzgün seçməyə kömək edir.
Qadın sağlamlığınızı qorumaq və vaxtında müayinə olmaq üçün sizi qəbuluma dəvət edirəm.
Dr. Leyla Məmmədli mama-ginekoloq