Uşaqlıqdaxili poliplər qadın sağlamlığında tez-tez rast gəlinən və menstural pozulmalara səbəb olan patoloji törəmələrdir. Histeroskopiya ilə poliplərin diaqnostikası və müalicəsi sürətli, təhlükəsiz və effektiv şəkildə həyata keçirilir.
Uşaqlıqdaxili Poliplər
Uşaqlıqdaxili poliplər endometriumdan (uşaqlığın daxili səthi) inkişaf edib uşaqlıq boşluğuna doğru uzanan patoloji törəmələrdir. Onlar endometriumun hər hansı bir nahiyəsinin qalınlaşması və normadan artıq böyüməsi nəticəsində meydana çıxır. Poliplər tək və ya çoxsaylı olmaqla uşaqlığın müxtəlif nahiyələrində yerləşə bilər. Ən çox uşaqlıq dibi və boru uclarında müşahidə olunur. Ölçüsü bir neçə millilitrdən bir neçə santimetrə qədər dəyişir. Poliplər ya incə ayaqcıq, ya da qalın əsasla endometriuma bağlı olur. Bəzən ayaqcıq o qədər uzun olur ki, polip boşluqdan uşaqlıq yoluna sallana bilər. Hər yaşda qadında yaranmaq mümkündür, ancaq ən çox 40-50 yaşlı qadınlarda rast gəlinir.
Poliplərin əlamətləri
Poliplərin ən əsas kliniki əlaməti menstural pozulmalardır. Bu dəyişikliklər aybaşının tez-tez və nizamsız olması, menstrual qanın normadan çox olması, mensturasiyalar arası qanaxmalar şəklində ortaya çıxır. Bundan əlavə, sonsuzluq, menopauza dövründə uşaqlıq qanaxmaları və polipin böyük ölçüsündə sancışəkilli ağrı əlamətləri də müşahidə edilə bilər.
Poliplərin yaranma səbəbləri
Poliplərin yaranma səbəbləri tam dəqiqləşməyib, lakin hormonların, xüsusilə estrogenin aktivliyi mühüm rol oynayır. Süd vəzi xərçənginin müalicəsində istifadə olunan tamoksifen preparatı da uşaqlıqdaxili poliplərin əmələ gəlməsinə səbəb ola bilər.
Poliplərin diaqnostikası və müalicəsi
Poliplərin diaqnozu üçün bir sıra müayinə üsullarından istifadə olunur. Ən sadə və geniş tətbiq olunanı transvaginal ultrasəs müayinəsidir. Lakin bəzi hallarda USM yanıla bilər və bu zaman diaqnozu dəqiqləşdirmək üçün sulu ultrasəs müayinəsi (histerosonoqrafiya) tətbiq edilir. Poliplərin dəqiq diaqnozu üçün ən effektiv üsul isə histeroskopiyadır. Histeroskopiya həm diaqnostik, həm də cərrahi məqsədlə istifadə olunur. Bu üsulla uşaqlıq boşluğu ekranda izlənilir və aşkarlanan polip birbaşa xaric edilə bilər.
Əvvəllər polipi xaric etmək üçün ən çox istifadə olunan metod uşaqlıq boşluğunun küretajı idi. Lakin küretaj hər zaman polipi tam xaric edə bilmir. Histeroskopiya isə birbaşa vizual müşahidəyə imkan verdiyi üçün polipin tam çıxarılmasını təmin edir. Bu çox yüngül cərrahiyyə əməliyyatıdır və adətən xəstə əməliyyatdan 2 saat sonra evə yazılır.
Qadın sağlamlığınızı qorumaq və vaxtında müayinə olmaq üçün sizi qəbuluma dəvət edirəm.
Dr. Leyla Məmmədli mama-ginekoloq