Uşaqlıqdaxili patologiyalar qadın sağlamlığında tez-tez rast gəlinən problemlərdir. Histeroskopiya sayəsində bu patologiyalar həm dəqiq diaqnostika, həm də minimal invaziv müalicə imkanı ilə effektiv şəkildə idarə olunur.

Uşaqlıqdaxili patologiyalara etiologiyasına və patogenezinə görə fərqlənən bir sıra xəstəliklər daxildir. Bu xəstəliklərə submukoz mioma, adenomioz, endometriumun hiperplaziyası və polipləri, xroniki endometrit, uşaqlıqdaxili arakəsmələr və digər nadir hallarda görülən törəmələr aiddir. Hər yaşda qadında rast gəlinə bilən bu xəstəliklər fərqli kliniki əlamətlərlə özünü göstərir.

Bu patologiyaların ümumi əlamətləri arasında menstural tsiklin pozulmaları, normadan artıq və ya nizamsız qanaxmalar, ağrı, sonsuzluq, təkrarlanan düşüklər və postmenopauza dövründə qanlı ifrazatlar yer alır. Bəzən qadın heç bir əlamət hiss etməyə bilər, bu isə patologiyanın gec aşkarlanmasına səbəb gətirib çıxarır.

Diaqnostika və müalicədə histeroskopiyanın rolu

Uşaqlıqdaxili patologiyaların diaqnostikasında və müalicəsində histeroskopiya müasir standart üsul kimi qəbul edilir. Histeroskopiya vasitəsilə uşaqlıq boşluğu birbaşa vizual olaraq izlənilir, patologiyanın yeri, ölçüsü və tipi dəqiq müəyyən edilir. Bu üsul yalnız diaqnostik məqsəd üçün deyil, həm də eyni vaxtda cərrahi müdaxilə üçün istifadə olunur.

Histeroskopiya sayəsində poliplər, submukoz miomalar, endometrium hiperplaziyası və digər uşaqlıqdaxili törəmələr minimal invaziv şəkildə çıxarıla bilər. Bu üsul həmçinin uşaqlıqdaxili bitişmələrin, arakəsmələrin və spiralın yerinin qiymətləndirilməsində də istifadə olunur. Histeroskopiya ilə həmçinin uşaqlığın divarları ekranda real vaxtda izlənildiyi üçün hər hansı bir anomaliya dərhal müəyyən edilir və lazım gəldikdə biopsiya və ya əməliyyat həyata keçirilir.

Histeroskopiya proseduru adətən qısa müddət ərzində aparılır və pasiyent əməliyyatdan bir neçə saat sonra evə qayıda bilər. Minimal invaziv olduğu üçün xəstə üçün ağrı və narahatlıq azdır, bərpa müddəti isə qısa olur. Bu metod həm də əməliyyatın dəqiqliyini artırır və komplikasiya riskini minimuma endirir.

Diaqnostika və digər müayinə üsulları

Histeroskopiya ilə yanaşı, diaqnostikada transvaginal ultrasəs və sulu ultrasəs (histerosonoqrafiya) metodlarından da istifadə olunur. Ultrasəs müayinəsi ilkin mərhələdə polipləri və submukoz miomaları aşkar etməyə kömək edir, lakin histeroskopiya ilə vizual təsdiq və dərhal müdaxilə imkanı yaranır. Bu üsul həmçinin uşaqlıqdaxili arakəsmələri, bitişmələri və digər nadir patologiyaları daha dəqiq müəyyən etməyə imkan verir.

Prosedurdan sonra

Əməliyyatdan sonra pasiyent bir neçə saat müşahidə altında saxlanılır və adətən eyni gün evə buraxılır. Bir neçə gün qanlı ifrazat və yüngül sancışəkilli ağrılar normaldır; bu halda sadə ağrıkəsici dərmanlar istifadə edilə bilər. Prosedurdan sonra 2-3 gün cinsi əlaqə, vanna qəbulu və tampon istifadəsindən uzaq durmaq tövsiyə olunur.

Histeroskopiya uşaqlıqdaxili patologiyaların diaqnostikasında və müalicəsində əsas və müasir üsuldur. Bu metod xəstələrin sağlamlığını qorumağa, komplikasiyaların qarşısını almağa və minimal invaziv, təhlükəsiz müdaxilə imkanı təqdim etməyə imkan verir. Histeroskopiya həm də erkən diaqnostika və vaxtında müdaxilə üçün ən etibarlı üsuldur, beləliklə qadın sağlamlığının qorunmasında əsas rol oynayır.

Qadın sağlamlığınızı qorumaq və vaxtında müayinə olmaq üçün sizi qəbuluma dəvət edirəm.
Dr. Leyla Məmmədli mama-ginekoloq

WhatsApp ilə Əlaqə