Histerorezektoskopiya – uşaqlıq boşluğunda rast gəlinən müxtəlif patologiyaların diaqnostika və müalicəsi üçün tətbiq olunan minimal invaziv əməliyyat üsuludur.
Histerorezektoskopiya – ginekologiyada geniş tətbiq olunan minimal invaziv cərrahi üsullardan biridir. Bu əməliyyat xüsusi elektrocərrahi alət – histerorezektoskop vasitəsilə həyata keçirilir və uşaqlıq boşluğunda yaranan müxtəlif patologiyaların həm diaqnostik, həm də müalicəvi məqsədlə aradan qaldırılmasına imkan verir. Əməliyyat zamanı qarın boşluğu açılmır, müdaxilə uşaqlıq yolundan aparıldığından pasiyent üçün daha az travmatik olur, sağalma müddəti qısa çəkir və reproduktiv funksiyanın qorunmasına şərait yaradır.
Ən çox rast gəlinən göstərişlərdən biri submukoz miomanın aradan qaldırılmasıdır. Belə ki, uşaqlıq qanaxmaları, menstrusiya pozulmaları, reproduktiv funksiyanın yetərsiz olması (sonsuzluq, təkrarlanan hamiləlik itkisi) hallarında aparılan müayinələr zamanı submukoz mioma aşkarlanarsa, histerorezektoskop vasitəsilə uşaqlıq boşluğundan mioma kəsilərək çıxarılır. Əməliyyat zamanı mioma toxuması qat-qat rezeksiyaya uğrayır və uşaqlıq divarına dərin zədələnmə verilmədən xaric edilir. Ən mühüm məqam ondan ibarətdir ki, əməliyyatdan sonra uşaqlıq boşluğunda çapıq toxuması qalmır, bu isə gələcəkdə hamiləlik planlayan qadınlar üçün böyük üstünlük hesab olunur.
Histerorezektoskopiyanın digər vacib tətbiq sahəsi uşaqlıqdaxili sinexiyaların (bitişmələrin) müalicəsidir. Sinexiyalar uşaqlıq selikli qişasının keçirdiyi travma (abort, küretaj, cərrahi müdaxilələr) və ya infeksiyadan sonra yaranan birləşdirici toxuma atmalarından ibarətdir. Onlar menstrual pozulmalara (amenoreya, hipomenoreya), sonsuzluğa və ya təkrari düşüklərə səbəb ola bilər. Histerorezektoskopiya zamanı bu bitişmələr görmə nəzarəti altında dəqiq şəkildə kəsilir və endometriumun sağlam sahələrinə zərər vermədən uşaqlıq boşluğu bərpa olunur. Bu, həm menstrual funksiyanın normallaşmasına, həm də qadının reproduktiv imkanlarının bərpa olunmasına şərait yaradır.
Ümumilikdə, histerorezektoskopiya ənənəvi açıq cərrahiyəyə nisbətən daha təhlükəsiz, az travmatik və effektiv üsul hesab olunur. Xəstənin əməliyyatdan sonrakı reabilitasiya dövrü qısadır, ağırlaşmaların riski minimaldır və qadının gələcək reproduktiv planlarına mane olmur.
Müasir ginekologiyada endometrium hiperplaziyası və poliplərinin müalicəsində histerorezektoskopiya ən effektiv üsullardan biri hesab olunur.
Histerorezektoskop vasitəsilə aşağıdakı əməliyyatlar icra edilə bilər:
-
Endometriumun dəyişilmiş sahələrinin rezeksiyası – hiperplastik toxumaların çıxarılması.
-
Polipin kəsilməsi – endometrium poliplərinin tam olaraq aradan qaldırılması.
-
Endometriumun destruksiyası (ablasiyası) – selikli qişanın patologiyadan təsirlənmiş qatlarının məhv edilməsi.
Bu müdaxilələr nəticəsində qadında menstrual funksiyalar normallaşır, sonsuzluğun aradan qaldırılması və hamiləliyin normal gedişinin təmin olunması mümkün olur.
Uşaqlıqdaxili arakəsmə – anadangəlmə inkişaf qüsuru olub, uşaqlıq boşluğunu iki hissəyə ayırır. Bu anomaliya adətən bətndaxili inkişafın birinci üçaylığında zədələyici amillərin və ya genetik faktorların təsiri nəticəsində formalaşır.
Sonsuzluq, təkrarlanan düşüklər, hamiləliyin inkişafdan qalması kimi fəsadlara səbəb ola bilər.
Arakəsmə histerorezektoskop vasitəsilə kəsilir. Əməliyyatın məqsədi uşaqlıq boşluğunu elə bərpa etməkdir ki, gələcək hamiləliklər normal həftələrə qədər davam edə bilsin.
Histerorezektoskopiya
Qadın sağlamlığınızı qorumaq və vaxtında müayinə olmaq üçün sizi qəbuluma dəvət edirəm.
Dr. Leyla Məmmədli mama-ginekoloq