Məqalələr

Uşaqlıqdaxili arakəsmə

Uşaqlıqdaxili arakəsmə

Uşaqlıq yolu


Uşaqlıq armud formasında boşluqlu orqandır. Bəzi hallarda, uşaqlıqdaxili boşluq arakəsmə vasitəsilə ikiyə bölünür. Bu patologiya anadangəlmə qüsur olub dölün ana bətnində inkişafının pozulması nəticəsində meydana çıxır.

Uşaqlıqdaxili arakəsmə tam və ya hissəvi ola bilər. Şəkildə də göründüyü kimi tam arakəsmə uşaqlığın dibindən başlayaraq boynuna qədər davam edir, ancaq hissəvi arakəsmə uşaqlıq boşluğunun ancaq bir hissəsini - 1sm–dən 4 sm-ə qədər hissəsini tutur. Bəzi hallarda tam arakəsmə uşaqlıq yoluna qədər uzanır. Çox vaxt məhz tam arakəsmə sonsuzluğa və digər patologiyalara səbəb olur.

Uşaqlıq daxili arakəsmənin əlamətləri


Uşaqlıq arakəsmələrinin hər hansı bir spesifik əlaməti yoxdur. Bu patolologiya zamanı bir sıra qeyri-spesifik əlamətlər meydana çıxır:
• Birincili amenoreya
• Dismenoreya (ağrılı aybaşı)
• Sonsuzluq
• Özbaşına düşük
• Vaxtından əvvəl doğuş

Hamiləliyi itirmək riski xüsusilə birinci trimestrdə daha çox olur. Bu dövrdə düşük riski 30- 60 %, ikinci trimestrdə isə bu risk 5 % -ə enir. Hamiləliyin pozulmasının əsas səbəbi embrionun implantasiyanın arakəsməyə olması və ya tam arakəsmənin servikal kanalı tutduğundan istmiko - servikal çatışmazlıq yaranmasıdır. Bunlardan əlavə uşaqlıq daxili arakəsmə dölün qeyri – düzgün yerləşməsi, doğum fəaliyyətinin anomaliyaları və qanaxmanın səbəbi ola bilər. Əlamətlərin təzahürü arakəsmənin qalınlığından və ölçüsündən asılıdır.

Diaqnostika


Diaqnozun qoyulmasında bir sıra üsullar vardır:
Histerosalpinqoqrafiya. Dəqiqliyi 50 % dir. Bu üsul vasitəsilə ikibuynuzlu uşaqlıq və uşaqlıqdaxili arakəsməni fərqləndirmək çətin olur. Çünki şəkildə ancaq boşluqlar görünür.
Ultrasəs müayinəsi. Digər üsul kimi burda da çatışmayan cəhətlər vardır, lakin müasir üçboyutlu cihazlarla diaqnozun dəqiqliyi 95% -ə çatır.
Hidrosonoqrafiya. Ultasəs müayinəsindən daha dəqiq nəticə əldə etməyə kömək edir.
Histeroskopiya + laparoskopiya. Dəqiq diaqnoz üçün bu iki üsulun eyni vaxtda tətbiq olunmasının çox böyük əhəmiyyəti vardır.
Maqnit – rezonans və ya kompüter tomoqrafiya.Yüksək informativliyə malikdir, çatışmayan cəhəti bahalı olmasıdır.

Uşaqlıqdaxili arakəsmənin aradan qaldırılması


Uşaqlıqdaxili arakəsmənin ən geniş yayılmış müayinə üsulu histeroskopik rezeksiyadır.Ümumi narkoz altında histerorezektoskop vasitəsilə arakəsmə kəsilir. Bu əməliyyat zamanı uşaqlığın əzələ qatı kəsilmədiyindən hamiləliyin və doğuşun gedişində heç bir ağırlaşma olmur. Əməliyyatdan sonra qanaxma az miqdarda, uşaqlıqdaxili və çanaq boşluğunda bitişmələr ehtimalı minimal olur. Xəstə növbəti gün evə yazılır. Endometriyanın vəziyyətindən asılı olraq 3 – 4 aya hamiləliyə icazə verilir. Arakəsmənin histeroskopik rezeksiya əməliyyatından sonra hamiləlik və diri uşaq dünyaya gətirmək faizi dəfələrlə artır, düşük faizi isə xeyli dərəcədə azlır. Adəti düşüklərdə, xüsüsilə də əgər düşüklərin səbəbi arakəsmədirsə, əhəmiyyətli dərcədə müsbət nəticə əldə etmək mümkündür