Məqalələr

Hamilə qadınlar yay aylarında hansı meyvələrdən istifadə etməlidirlər ?

Hamiləlik dövrü insan həyatının ən vacib və diqqət tələb etdiyi dövrdür. Bu dövrdə hamilənin qidalanması sağlam uşağın dünyaya gəlməsində mühüm rol oynayır. Yay fəslində hamilələrdə su itkisi, qida zəhərlənmələri, qan təzyiqi dəyişikliyi daha çox olur. Hamilələr bu patologiyaların qarşısını almaq və su itkisini bərpa etmək üçün gün ərzində ən azı 2 litr su içməlidirlər. Maye qəbulu təzə və təbii meyvə şirələri, ayran və s. şəklində də ola bilər. İtirilmiş suyun bərpasında müxtəlif meyvə və tərəvəzlərin qəbulu da mühüm rol oynayır. Hamilələr yedikləri meyvələrin təzə olmasına xüsusilə diqqət etməli və nəzərə almalıdırlar ki, meyvə və tərəvəz nə qədər təzədirsə, bir o qədər vitaminlərlə zəngindir. Qeyd etmək lazımdır ki, meyvələr yeməkdən 20-30 dəqiqə əvvəl qəbul olunsa, daha yaxşı həzm olunar, çünki meyvələr mədədə çox az müddətdə qalır və bağırsaqlarda həzm olur. Mədə dolu olduqda onların mədədən bağırsaqlara keçməsi ləngiyir və nəticədə mədə fermentlərinin təsirindən faydalı xüsusiyyətləri azalır. Normal hamiləlik keçirən qadın müxtəlif meyvələrdən istifadə edə bilər. Belə ki, hər bir meyvənin özünəməxsus dadı və ətri olduğu kimi, həm də orqanizmə lazım olan müxtəlif qida maddələri ilə zəngindir.

Hamilə qadınlar yay aylarında hansı meyvələrdən istifadə etməlidirlər ?

Lakin təkcə meyvə yeyib digər qidalardan imtina etmək olmaz. Gün ərzində yarım kilo meyvə yemək lazım olan vitamin və mineralları almaq üçün kifayətdir. Çox faydalı meyvə olan almada müxtəlif vitaminlər, minerallar və liflər var. Hamilələr alma yeməklə həm kökəlmənin qarşısını alır, həm də uşağı lazım olan qida maddələri ilə təmin edir. Almanın tərkibində olan çoxlu miqdarda yod hamilə orqanizmi üçün çox vacibdir. Onu da qeyd etmək lazımdır ki, almanı qabıqlı yemək həm qəbzliyə, həm də ishala faydalıdır. Gilasın tərkibində olan dəmir alma, naringi və armuddakı dəmirdən 20 dəfə çoxdur. Hamiləlikdə çox gilas yeyən qadının uşağının üzü sağlam rəngli olur. Gavalı müxtəlif minerallarla - natrium, fosfor, kalsium, kalium və s. zəngin olmaqla yanaşı, qan təzyiqi xəstəliyi ilə mübarizədə çox faydalıdır. 

 

Ərik bütün hamilə qadınlar üçün vacib olan askorbin turşusu, B, P vitaminləri, dəmir, gümüş və qlükoza ilə zəngindir. Lakin hamilər nəzərə almalıdır ki, əriyin səhər acqarına yeyilməsi və üstündən soyuq su içilməsi ishal yarada bilər. Sitrus meyvələri C vitamini ilə zəngindir. Lakin onlar allergen xüsusiyyətli olduğu üçün həddindən çox qəbulu hamilələrə məsləhət deyil.