Məqalələr

Histeroskopiya nədir?

Histeroskopiya nədir?
Histeroskopiya uşaqlıq boynu və uşaqlıq boşluğunun vaginal yoldan uşaqlıq boşluğuna optik bir cihaz yerləşdirilərək izlənilməsidir. Bu əməliyyatın icrasında istifadə edilən alət histeroskop adlanır.
Sonsuzluğun, anormal vaginal qanaxma səbəblərinin araşdırılması, anadangəlmə qüsurların diaqnozunu təsdiqləmək üçün diaqnostik məqsədlərlə və ya əvvəlcədən diaqnozu qoyulan miom və ya poliplərin çıxarılması, anadangəlmə quruluş pozulmalarının müalicəsi məqsədi ilə də cərrahi histeroskopiya edilə bilər.
Histeroskopiyanin ən çox istifadə edildiyi əməliyyatlar uşaqlıqdaxili arakəsmənin (septum) kəsilməsi, bitişmələrin açılması, polip çıxarılması, süni mayalanma müvəffəqiyyətsizliyinin qiymətləndirilməsi, submukoz miomların xaric edilməsi və s. əməliyyatlardır.
Uşaqlıq daxili bitişmələr sonsuzluğun, düşüklərin, aybaşı pozğunluğunun ( aybaşının az olması və ya ümumiyyətlə olmaması) əsas səbəblərindən biridir. Bu patologiyanı ilk dəfə aşkarlayan alimin adı ilə Aşerman sindromu adlanır. Uşaqlıq daxili bitişmələr ən çox süni abortlardan sonra yaranır. Daha az hallarda uşaqlıq dövründə keçirilmiş vərəm və ya başqa bir infeksiyadan sonra meydana çıxa bilər. Abortdan sonra hər ay uşaqlığın daxili qişasının yenilənməsini təmin edən hüceyrə təbəqəsinə vurulmuş ziyan nəticəsində uşaqlığın daxili qişası artıq yenilənə bilmir və uşaqlıq divarları bir-birinə yapışır.

Əlamətləri nələrdir və diaqnoz necə qoyulur?



Əsas əlaməti abort sonrası aybaşı qanaxmalarının kəsilməsi və ya nəzərə çarpacaq dərəcədə azalmasıdır. Normalda abortdan sonra requlyar aybaşı görən qadınlarda 4-8 həftə içində aybaşının gəlməsi gözlənilir. Gəlmədiyi təqdirdə uşaqlıq daxili bitişmələrdən şüphələnilməlidir. Az hallarda aybaşının ağrılı olması, səbəbsiz hamilə qala bilməmə və təkrarlanan düşüklər də uşaqlıq daxili bitişmələrın əlaməti ola bilərlər. Diaqnoz üçün vaginal yolla edilən ultrasəs müayinəsi, uşaqlığın rengeni (HSG), və histeroskopiya istifadə edilə bilər. Bunların içində diaqnozu dəqiqləşdirən və eyni zamanda müalicə imkanı təmin edən histeroskopiya qızıl standart olaraq qəbul edilməkdədir.

Necə müalicə edilir?



Uşaqlıq daxili bitişmələrin müalicəsində aktual standart histeroskopik bitişmə açılması əməliyyatıdır. Əvvəllər tətbiq olunan uşaqlıq boşluğunun küretajı artıq tarixə qarışmışdır. Uşaqlıq daxili bitişmələri qayçı və ya elektrik enerjisi istifadə etməklə aradan qaldırmaq mümkündür. Əməliyyatın müvəffəqiyyəti bitişmələrin dərəcəsi və cərrahın təcrübəsiylə düz mütənasibdir. Əməliyyatın effektivliyi bitişmələrin nə qədər sıx və uşaqlıq daxili boşluğun nə qədər böyük hissəsini tutmasından asılıdır. Xüsusilə uşaqlıq boşluğunu tamamilə tutan bitişməlrin müalicəsi bəzən mümkün deyil. Bitişmələrin sıx olduğu vəziyyətlərdə bəzən birdən çox histeroskopik əməliyyat lazım ola bilər. Histeroskopiya sonrasında, bitişmələrin təkrar əmələ gəlməsinin qarşısını almaq üçün uşaqlıq daxilinə balon və ya spiral qoyula bilər. Həmçinin, əməliyyat sonrasında hüceyrə yenilənməsi məqsədi ilə hormon müalicəsi də verilməkdədir. Ciddi bitişmələri olanlarda hormon müalicə bitdikdən sonra təkrar histeroskopiya ilə baxılması və ya ən azından uşaqlıq rentgeni çəkilməsi də faydalı olacaqdır.

Müalicənin müvəffəqiyyəti necədir?



Şiddətli bitişməları olan qadınlarda çox hallarda histeroskopiya bir neçə dəfə lazım olur. Əməliyyatdan sonra uşaqlıq boşluğu normal ölçülərdə və bitişmələr tam olaraq açılmış olan qadınlarda boru ucları açıqdırsa, özbaşına hamiləlik şansı vardır. Əgər uşaqlıq boşluğu əməliyyatla normal səviyyəyə gətirilib, lakin boru ucları görülmürsə bu qadınlara süni mayalanma etmək lazım gəlir.
Əməliyyatın icrası:
Xəstəyə yalnız diaqnostik məqsədli histeroskopiya ediləcəksə əməliyyatxana şərtlərinə və ümumi anesteziyaya da ehtiyac olmaya bilər. Prosedur üçün xəstə ginekoloji müayinə masasına yatırılır və vagina və uşaqlıq boynu antiseptik mayelərlə təmizləndikdən sonra lokal anestezi tətbiq olunur. Sonra adətən, uşaqlıq boynunun genişləndirilməsinə ehtiyac duyulmadan 0,5 sm diametrində bir optik cihaz uşaqlıq içərisinə yavaşca yerləşdirilir və eyni zamanda içəriyə karbon qazı və ya maye verilərək uşaqlıq boşluğu monitordan izlenilir. Anormal görülən toxumalardan toxuma nümunəsi də alınaraq diaqnoz üçün patoloji müayinəyə göndərilir. Xəstələr adətən əməliyyatı yarıda buraxacaq qədər ağrı hiss etməzlər və histeroskopiya 5-10 dəqiqə ərzində tamamlanar.

Operativ (cərrahi) histeroskopiya isə laparoskopiya ilə oxşar şəraitdə aparılır. Burada istifadə edilən optik alət və cihaz daha qalın olduğu üçün uşaqlıq boynu genişləndirilərək içəriyə yerləşdirildikdən sonra uyğun cərrahi əməliyyat aparılır. Edilən əməliyyatın xüsusiyyətinə görə 15 dəqiqə ilə 1 saat arasında davam edə bilər.

Histeroskopiyanın riskləri nədir?


Diaqnostik histeroskopiya çox az hallarda fəsadların meydana çıxmasına səbəb olur və həyat üçün təhlükə yardacaq ağırlaşma demək olar ki, olmur. Operativ histeroskopiya bir az daha təcrübə tələb edən, daha çətin əməliyyatlar olduğundan 1 - 2/100 nisbətində fəsad meydana gəlir. Prosedur zamanı uşaqlığın deşilməsi (perforasiya) ən geniş yayılmış ağırlaşmalardandır. Lakin deşiklər yalnız müşahidə və dərman müalicəsi ilə cərrahi mudaxiləyə ehtiyac olmadan sağala bilər. Operativ histeroskopiya zamanı eyni anda laparoskopiya etməklə uşaqlığın xarici vəziyyətini müşahidə etmək və ağırlaşmanın qarşısını almaq mümkündür. Digər bəzi fəsadlar da əməliyyat əsnasında uşaqlığı genişləndirmək məqsədilə istifadə olunan mayelərə bağlı olaraq meydana gələ bilər. Ciddi allerjik reaksiyalar, bədən hərarətində düşmə, laxtalanma problemləri, tənəffüs çətinliyi, ağciyərdə maye toplanması (ağciyər ödemi) bunlar arasındadır. Ancaq əməliyyat müddətinin çox uzadılmaması, alınan maye miqdarına cərrah tərəfindən ciddi nəzarət olunması və təcrübə ilə belə problemlər demək olar ki, çox nadir hallarda müşahidə olunur.

Histeroskopiyadan sonra


Histeroskopiyi təqib edən bir neçə gündə bir miqdar vaginal axıntı və qarının aşağı nahiyyəsində sancı hissi normaldır. Bunun üçün sadə ağrı kəsici dərmanlar istifadə oluna bilər. Histeroskopiya zamanı uşaqlıq boynu genişləndirildiyindən qalxan infeksiyanın qarşısını almaq üçün cinsi əlaqə bir neçə gün olmamalıdır.